COP29 Azərbaycan Əməliyyat Şirkəti özəl sektorla birgə dayanıqlılıq və iqlim fəaliyyətinin davamlılığının təşviqini genişləndirir. Bu barədə COP29-un “Milli Öhdəlik Proqramı” çərçivəsində özəl sektorun nümayəndələri ilə keçirilən növbəti rəsmi görüşdə ətraflı məlumat verilib. Görüş “COP29 Sponsorluq və Tərəfdaşlıq” strategiyasına uyğun olaraq dayanıqlılıq və ətraf mühit meyarlarının formalaşması, milli şirkətlərin korporativ strategiyalarının qlobal dayanıqlılıq hədəflərinə uyğunlaşdırılması üzrə cari ilin may ayında yerli özəl biznes iştirakçıları ilə başlanılan təşəbbüs çərçivəsində baş tutub.
Tikinti, istehlak məhsulları və istehlakın müxtəlif sahələri, texnologiya, maliyyə, bank sektoru kimi istiqamətləri təmsil edən qabaqcıl milli şirkətlərin 40-dan artıq nümayəndəsinin qatıldığı tədbir korporativ arenada ekoloji məsuliyyətin və könüllü öhdəliklərin gücləndirilməsi strategiyalarına yönəlib. Bu seminar şirkətlərə dayanıqlılıq öhdəliklərinin nəzərdən keçirilməsinə, bu yöndə töhfələrin daha effektiv şəkildə icrasına, aparıcı biznes liderləri arasında sektorlararası əməkdaşlığın və mövcud potensialın gücləndirilməsinə xidmət edib.
Görüşdə Milli öhdəlik proqramının növbəti mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verilib, şirkətlərin “yaşıl” keçid zamanı üzləşdikləri imkan və çətinliklər, kollektiv fəaliyyətin səfərbər edilməsi və COP29-da iştirakçılıq çərçivəsində ölkəmizin milli öhdəliklərə daha çox töhfə verməsinin yolları barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, COP29 tərəfdaşı olan və Milli öhdəlik proqramına qoşulan şirkətlər üçün xalis sıfır keçid planını dəstəkləyəcək maarifləndirmə təlimləri təşkil ediləcək. Eyni zamanda Milli öhdəlik proqramında iştirak edən şirkətlər təyin olunmuş sponsorluq meyarlarına cavab vermiş kimi tanınacaqlar.
XQ