Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 6 ayında ölkəmizdə 6 milyard 19 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Son bir ildə respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,4 faiz azalaraq 2 milyard 881 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,1 faiz artaraq 3 milyard 138 milyon manat olub.
İyulun 1-nə qədər qarğıdalı da daxil olmaqla tarlalardan 1 milyon 957 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz az dənli və dənli paxlalı bitkilər, 859 min ton (3,4 faiz çox) tərəvəz, 358 min ton (17 faiz az) kartof, 175 min ton (8,4 faiz çox) meyvə və giləmeyvə, 128 min ton (14,4 faiz çox) bostan məhsulları, 11 min ton (2 dəfə çox) şəkər çuğunduru yığılıb.
Hesabat dövründə diri çəkidə 290 min ton ət, 1 milyon 134 min ton süd, 1 milyon 189 milyon ədəd yumurta, 14 min ton yun, 239 ton barama istehsal olunub. Ötən ilə nisbətən ət istehsalı 1,7 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı 7,4 faiz artıb.