Xəzərin küləyi də işıq saçacaq

post-img

Avropa biznes dairələrinin “BNE Intellinews” (Business New Europe) nəşrində ölkəmizdə dəniz külək enerjisinin inkişaf perspektivlərindən bəhs edən məqalə dərc olunub.

Məqalədə 2022-ci ildə Qlobal Gülək Enerjisi Şurasının (Global Wind Energy Council – GWEC) Avstraliya, Şri-Lanka və Türkiyə kimi ölkələrlə yanaşı, Azərbay­canı da dəniz külək enerjisindən istifadə potensialına görə lider dördlüyə daxil et­məsi qeyd olunur.

Nəşrdə 2022-ci ildə keçirilən Bakı Enerji Forumunda Azərbaycanın dəniz külək enerjisinin inkişafı üzrə Yol xəritə­sini təqdim etdiyi bildirilib. Azərbayca­nın Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə birgə hazırladığı həmin Yol xə­ritəsində 2040-cı ilədək respublikamızın Xəzər şelfində ümumi gücü 7,2 QVt olan dəniz külək stansiyalarının quraşdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, bu, Azərbaycanın de­karbonizasiya və davamlı inkişaf sahəsin­də prioritetlərinə uyğundur. Dəniz külək enerjisinin quraşdırılmış gücü ölkənin enerji təchizatının 37 faizini gerçəkləşdirə bilər. Bundan əlavə, Azərbaycanda də­niz külək enerjisi mülayim templə inkişaf edərək 2040-cı ilədək quraşdırılmış gücü­nü 1,5 QVt-a çatdıracaq və 7 faiz karbon­suz enerji istehsalına nail olacaq.

Azərbaycanın sözügedən yol xəritə­sində dəniz külək enerjisinin potensia­lından istifadəyə dair tövsiyələr də var. Bunlara 2030 və 2036-cı illər üçün hədəf­lərin müəyyən edilməsi, 200 MVt gücün­də pilot layihənin və daha sonra böyük layihələrin işlənib hazırlanması, dənizdə yeni külək enerjisi imkanlarının açılması, infrastrukturun təkmilləşdirilməsi, maliy­yə vəsaitlərinin cəlbi məqsədilə qabaqcıl qlobal təcrübələrin tətbiqinə başlanılması və dayanıqlı dəniz külək layihələri üzrə bir sıra tədbirləri reallaşdırılması və bu is­tiqamətlərdə dövlət təşkilatları əməkdaş­larının bilik və bacarıqlarının artırılması daxildir.

“BNE Intellinews” nəşrində bildirilir ki, 2023-cü ildə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşü və Yaşıl Enerji üzrə Məş­vərət Şurası çərçivəsində nazirlərin 1-ci görüşü zamanı Azərbaycanın Energetika Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə bir sıra sənədlər, o cümlədən gücü 1,5 QVt-a qədər olan dəniz külək enerjisi layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalayıb. Bu ilin mayında isə ölkəmizin Energetika Na­zirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt gücündə quruda külək elektrik stansiyasının tikintisi layihəsi üzrə Çərçi­və Sazişi təsdiqini tapıb. 

Bu il keçirilən Bakı Enerji Forumunda çıxış edən “ACWA Power” şirkətinin vit­se-prezidenti və regional direktoru Abid Malik Azərbaycanın bərpaolunan enerji baxımından böyük perspektivə malik oldu­ğunu bildirib. O vurğulayıb ki, siyasi cəhət­dən sabit region olması ilə yanaşı, Azər­baycan tranzit marşrutları və dəhlizlərinin üstünlükləri baxımından da çox əlverişlidir və “ACWA Power” üçün əsas ölkədir.

Məqalədə qeyd olunur ki, Azərbaycan hökuməti “yaşıl enerji”yə keçidi sürət­ləndirməyə və bunu ən səmərəli şəkildə həyata keçirməyə sadiqdir. Dəniz külək enerjisi mədən yanacaqlarına tələbatın labüd azalması fonunda ölkə üçün fay­dalıdır. Azərbaycan bərpaolunan resurs­lardan istifadə etməklə istehsal olunacaq enerjinin qlobal ixracatçısına çevrilmək niyyətindədir.

Qeyd edək ki, statistik göstəricilərə görə, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bu göstəri­cilər iqtisadi potensial üzrə isə 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min, günəş enerjisi üzrə 23 min meqavatdır. 

Xatırladaq ki, Prezident İlham Əliyev Vətən müharibəsindən dərhal sonra Qa­rabağı və Şərqi Zəngəzuru, həmçinin Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Azərbaycanın bütün bölgələ­rində, eləcə də işğaldan azad edilmiş Kəl­bəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qu­badlı və Zəngilanda hidroenerji mənbələ­ri, Şuşa, Xocavənd və Cəbrayılda külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonla­rında isə bioenerji ehtiyatlarının səmərə­li istifadə edilməsi nəticəsində ölkəmiz, ümumilikdə, “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Artıq Qa­rabağda və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansi­yaların gücü 500 meqavat olacaq ki, bu da “yaşıl enerji”yə keçid prosesinə böyük töhfədir.

Azad edilən ərazilərdə indiyədək bir sıra yarımstansiya və su elektrik stansi­yaları istifadəyə verilib. Məsələn, Azər­baycan–Türkiyə–Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçi­vəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqa­vat gücündə “Çıraq-2”, 6,33 meqavat gü­cündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Pa­ralel olaraq “AzərEnerji” tərəfindən Laçın­da yeni tikilən 110 kilovoltluq “Qorçu” ya­rımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da açılışı həyata ke­çirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qu­rularaq istismara buraxılıb. 

Hazırda ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dəniz­də külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl enerji”nin Xəzərdən Avropaya və Nax­çıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl hidrogen”, elekt­romobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uy­ğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.

Ekologiya