MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək

post-img

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

XQ xəbər verir ki, iclas Rusiya Xarici İşlər Nazirliyinin binasında baş tutub. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifov təmsil edib.

Əvvəlcə, nazirlər iki saatdan çox davam edən məhdud tərkibdə iclas keçiriblər. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

İclasda beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təşkilatın bu il qeyd olunan 35 illik yubileyi kontekstində MDB daxilində prioritet fəaliyyət sahələri müzakirə edilib.

Xatırladaq ki, Türkmənistan 2026-cı ildən MDB-yə sədrlik edəcək.

İclasdan sonra xarici siyasət koordinasiyasını gücləndirməyə və hüquq-mühafizə, mədəniyyət və humanitar məsələlərdə əməkdaşlığı genişləndirməyə yönəlmiş bir sıra qərarlar qəbul edilib.

Nazirlər, həmçinin Rusiyanın iki təhsil müəssisəsinə MDB üzv dövlətlərinin baza təşkilatları statusunun verilməsini də nəzərdən keçiriblər.

Bundan əlavə, iclasda MDB çərçivəsində 2025-ci il üçün çoxsəviyyəli idarələrarası məsləhətləşmələr Planının və Birliyə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında genişləndirilmiş tərəfdaşlıq üzrə Fəaliyyət Proqramının icrası müzakirə olunub.

Təsdiq edilmiş sənədlərin əksəriyyəti baxılması üçün MDB Dövlət və Hökumət Başçıları şuralarına təqdim ediləcək.

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının oktyabrın 7-də Türkmənistanda keçirilməsi qərara alınıb.

İclasdan sonra MDB-nin Baş katibi Sergey Lebedev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər.

Dünya