Türkiyə Səudiyyə Ərəbistanı ilə mühüm müdafiə əməkdaşlığı müqavilələri imzalayıb və Ankara bu sahədə Ər-Riyadla əməkdaşlığı daha da inkişaf etdirməyə qətiyyətlə sadiqdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərindən sonra təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Məlumatı “Anadolu” verib.
Xüsusilə, Prezident Ərdoğan Türkiyənin KAAN qırıcı təyyarəsinin hazırlanması üçün Səudiyyə Ərəbistanı ilə birgə investisiya qoyuluşunun mümkünlüyünü qeyd edib: “KAAN haqqında çoxlu müsbət rəylər aldıq. Bu sahədə Səudiyyə Ərəbistanı ilə birgə investisiya qoyuluşu nəzərdən keçirilir və biz bu tərəfdaşlığı istənilən vaxt həyata keçirə bilərik”.
Ərdoğan bildirib ki, Türkiyə müdafiə ehtiyaclarını öz resursları ilə ödəməyə üstünlük verir və eyni zamanda, bu sahədə müttəfiq ölkələrə dəstək verir. Səudiyyə Ərəbistanı müdafiə sənayesi, nəqliyyat, səhiyyə, investisiya və müqavilə xidmətləri sahələrində əməkdaşlıq baxımından Ankara üçün “xüsusi mövqe” deməkdir.
O, həmçinin Expo-2030 və 2034-cü il FIFA Dünya Kuboku da daxil olmaqla, böyük beynəlxalq tədbirlərlə bağlı böyük əməkdaşlıq potensialına, eləcə də Səudiyyə Ərəbistanından Türkiyəyə artan turist axınına diqqət çəkib.
P.ƏMİRCANOV
XQ

