Trampın tənqidi Avropa Komissiyasında şok yaradıb

post-img

Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını sərt tənqid etməsi Avropanı şoka salıb, Avropa Komissiyası daxilində fikir ayrılıqlarına səbəb olub və Aİ liderləri arasında gərginliyi daha da artırıb.

Ötən həftə “Politico”ya verdiyi müsahibəsində ABŞ lideri bir çox Avropa ölkəsinin fəlakətli miqrasiya siyasəti üzündən tezliklə “davamlılığını itirəcəyini” bildirib. O, həmçinin “əksər Avropa dövlətlərinin çürüdüyünü” və qitə ölkələrinin Ukrayna münaqişəsi haqqında çox danışdığını, lakin onun həlli üçün “heç nə etmədiyini” bildirib.

Bir neçə rəsmi FT-yə bildirib ki, münaqişənin şiddətlənməsinin qarşısını almaq və ABŞ-ın Ukrayna sülh prosesində iştirakını qorumaq üçün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə Trampın şərhlərinə cavab verməmək tövsiyə olunub. Eyni zamanda, digər yüksək vəzifəli Aİ rəsmiləri ABŞ liderinin tənqidinin cavabsız qalmasından qəzəbləniblər. Britaniya nəşrinin məlumatına görə, Brüsselin zəif reaksiyası bir sıra Avropa liderlərini AK-nın başı üstündən Trampla birbaşa əlaqə qurmağa çalışmağa vadar edib.

FT mənbələri, həmçinin Ukrayna ətrafındakı vəziyyətin Aİ-nin reaksiyasına da təsir etdiyini qeyd edirlər. Mənbələr iddia edir ki, ötən həftə Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rutte fon der Leyendən Trampın hücumlarına cavab olaraq onu tənqid etməməsini istəyiblər.

P.ƏMİRCANOV
XQ

Dünya