İranda AEBA ilə əməkdaşlığın dayandırılması barədə qanun qüvvəyə minib

post-img

İran Prezidenti Məsud Pezeşkian Tehran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini imzalayıb.

AZƏRTAC xəbər verir ki, Tasnim agentliyinin məlumatına görə, qanun prezident tərəfindən imzalandığı andan qüvvəyə minmiş hesab olunur və icrası məcburidir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirib. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran Birləşmiş Ştatların Qətərdəki “Əl-Udeyd” aviabazasına bir neçə ballistik raket atıb. Pentaqonun məlumatına görə, aviabazaya ciddi ziyan dəyməyib və itki olmayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. İyunun 25-də İran parlamenti Tehranın AEBA ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiqləyib.

Dünya