Dünən Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra 266 afterşok qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) Anadolu Agentliyinə (AA) bildirilib.
AA-nın məlumatına əsasən, bu gün yerli vaxtla saat 09:00-a qədər 0-4 bal arasında 258, 4-5 bal arasında 7, 5 və daha yuxarı gücdə 1 təkan olmaqla, ümumilikdə 266 afterşok qeydə alınıb.
AFAD-dan Elmi Şuranın araşdırmalarına əsasən ictimaiyyətə verilən məlumatda, zəlzələ zamanı qırılan seqmentin uzunluğunun təxminən 15, eninin isə 9,5 kilometr olduğu, 30 santimetr yerdəyişmənin ölçüldüyü bildirilib.