Çin Ayın səthində nüvə reaktoru inşa edəcək

post-img

Çin və Rusiyanın rəhbərlik etdiyi Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) quraşdırılması planlarına Ayın səthində nüvə reaktorunun tikintisi də daxildir. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu məlumat aprelin 23-də Pekində keçirilən təqdimat zamanı verilib.

Çinin 2028-ci il “Chang'e-8” missiyasının baş mühəndisi Pey Çjaounun təqdimatında qeyd edilib ki, bazanın enerji təchizatı Ayın səthində qurulacaq irimiqyaslı günəş panellərindən də asılı ola bilər.

“Chang'e-8” missiyası insanların uzun müddət qalacağı Ay bazasının tikintisi üçün zəmin yaratmağı hədəfləyir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı 2030-cu ilə qədər böyük bir kosmik gücə çevrilməyi və astronavtları Aya endirməyi planlaşdırır.

Çinin Ayın cənub qütbündə forpost tikmək qrafiki NASA-nın 2025-ci ilin dekabrında ABŞ astronavtlarını Yerin təbii peykinin səthinə qaytarmağı hədəfləyən daha iddialı və təkmil “Artemida” proqramı ilə üst-üstə düşür.

Pekin Mühəndislik Akademiyasının akademiki və Çinin Ayın kəşfiyyatı layihəsinin baş dizayneri Vu Veyrin keçən il Ayın Cənub qütbünün mərkəzində olan ILRS-in əsas modelinin 2035-ci ilə qədər qurulacağını bildirib.

“Chang'e-8” missiyası Ay zondunun buraxılışının ardından Çinin həyata keçirəcəyi nüvə reaktoru tikintisi mərhələsinin bir hissəsidir.

Pekin gələcəkdə 50 ölkəni, 500 beynəlxalq elmi tədqiqat institutunu və 5000 xarici tədqiqatçını ILRS-ə qoşulmağa dəvət edəcək və “555 layihəsi” yaradacaq.

Dünya