Avropa NATO-nun ABŞ-sız gələcəyinə hazırlaşır. Bəs Amerikasız alyansın gələcəyi necə görünür? Mütəxəssislərin sözlərinə görə, Birləşmiş Ştatlarsız NATO-nun gələcəyi mürəkkəb və qeyri-müəyyən görünür, şünki ABŞ alyansın əsas üzvüdür, maliyyə, hərbi güc və strateji liderlikdə ən böyük payı təmin edir. Bununla belə, ABŞ-ın NATO-dan çıxması ilə bağlı hipotetik bir ssenari gerçək olarsa, nəticələri necə ola bilər?
ABŞ-ın NATO-nu tərk etməsi ilk növbədə alyansın hərbi potensialını zəiflədəcək. Ona görə ki, ABŞ NATO-nun hərbi xərclərinin təxminən 70 faizini təmin edir. Avropada Amerika hərbi bazalarının, nüvə çəkindirməsi və logistikanın töhfəsini əvəz etmək çətindir. ABŞ-ın geri çəkilməsi Avropa ölkələrini hərbi büdcələrini kəskin şəkildə artırmağa məcbur edəcək. Avropa İttifaqı özünün müdafiə strukturunun yaradılmasını sürətləndirə bilər. Belə ki, Almaniya və Fransa aparıcı rolları üzərinə götürə bilər, lakin bunun üçün əhəmiyyətli resurslar və siyasi iradə tələb olunur. NATO-nun avropalı üzvləri müdafiə imkanlarını gücləndirməklə və öz təhlükəsizlik mexanizmlərini inkişaf etdirməklə daha böyük hərbi və siyasi muxtariyyət axtara bilərlər. Bunun da ABŞ-ın birbaşa dəstəyi olmadan fəaliyyət göstərə bilən daha güclü və müstəqil Avropa ordusunun yaradılmasına gətirib çıxaracağı güman edilir.
ABŞ-ın NATO-dan çıxması bəzi ölkələri ayrı-ayrılıqda müdafiə sazişləri bağlamağa sövq edə bilər (məsələn, Böyük Britaniya Polşa və Baltikyanı ölkələrlə). AUKUS və ya Avropadaxili təşəbbüslər kimi alternativ formatlar təsir qazana bilər.
Bundan başqa, ABŞ-sız NATO potensial rəqiblər üçün daha az çəkindirici olacaq. Rəqiblər NATO-nun Şərq cinahının zəifləməsini hiss edə və Ukrayna, Baltikyanı və Balkanlara təzyiqi artıra bilər. Eyni zamanda, Qərbin potensial rəqibləri iqtisadi mexanizmlər də daxil olmaqla, öz təsirini daha fəal şəkildə yaya bilərlər. Bir sözlə, ABŞ-ın yoxluğu NATO-nu zəiflədə, onun hərbi gücünü və dünya səhnəsində siyasi təsirini azalda bilər. Bunun da nüfuz dairəsinin yenidən bölüşdürülməsinə və yeni təsir mərkəzlərinin yaranmasına səbəb ola biləcəyi istisna olunmur.
Daha bir ssenari bəzi ölkələrin ABŞ və ya digər güclərlə ayrı-ayrılıqda müqavilələr bağlamağa cəhd etmələrinə təkan verə bilər. Bəzi NATO üzvləri alyansın Birləşmiş Ştatlarsız mövcudluğunun heç bir mənası olmadığını görsələr, ittifaqdan imtina edəcəkləri reallığa çevriləcək.
Bütövlükdə, ABŞ-sız NATO ya özünü kökündən yenidən qurmağa məcbur olacaq, ya da tədricən zəifləyəcək və parçalanacaq. Lakin ABŞ NATO-dan qlobal təsirin mühüm aləti kimi istifadə etdiyi üçün belə bir ssenarinin baş verməsi ehtimalı azdır.
Ümumilikdə, NATO-nun ABŞ-sız gələcəyi mürəkkəb və qeyri-müəyyən perspektivdir. Bununla belə, Avropa ölkələri öz müdafiə qabiliyyətini gücləndirmək və Avropa muxtariyyətini inkişaf etdirmək istəyinin artdığını nümayiş etdirir. Buna görə də, NATO-nun gələcəyi əsasən Avropa və ABŞ arasında transatlantik münasibətlərin vəziyyətindən asılı olacaq.
S.ELAY
XQ