ABŞ ilə Fransa arasında Nyu-Yorkda ucalan və vaxtilə Parisin hədiyə etdiyi “Azadlıq heykəli” ətrafında qalmaqal getdikcə böyüyür. Fransız siyasətçi Rafael Qluksmanın bu abidəni geri istəməsi və Birləşmiş Ştatlarda azadlığın boğulması iddiaları Vaşinqtonda qəzəblə qarşılanıb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Ağ evin sözçüsü Karolin Levit brifinq zamanı fransız siyasətçinin bu tələbinə münasibət bildirib. ”Prezident Tramp “Azadlıq heykəli”ni Parisə göndərəcəkmi?” sualına cavab verən mətbuat katibi deyib: “Qətiyyən yox! Bu gün Fransa almanca danışmamasını tamamilə ABŞ-a borcludur. Bu səbəbdən fransızlar böyük ölkəmizə minnətdar olmalıdırlar”.
Xatırladaq ki, Fransa bu heykəli ABŞ-ın dəstəyini almaq məqsədilə 1884-cü ildə hədiyə edib. Onun Nyu-Yorkda quraşdırılması işləri 1886-cı ildə başa çatıb və heykəltaraş Auquste Bartoldinin yaratdığı abidə Amerikanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 100 illiyinə həsr olunaraq Birləşmiş Ştatların rəmzinə çevrilib. Onun daha kiçik surəti Parisdə - Sena çayındakı kiçik bir adada ucaldılıb.