Bu gün ölkəmizdə İlaxır, yaxud Torpaq çərşənbəsi qeyd olunur. Baharın gəlişini simvolizə edən bu çərşənbə respublikamızın hər yerində böyük coşqu ilə qarşılanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İlaxır çərşənbənin özünəməxsus şəkildə keçirildiyi yerlərdən biri də Şamaxının Məlhəm kəndidir. Məlhəmdə bu gün adi günlərdən fərqlənir. Kənddə canlanma hiss olunur. İnsanların üzündəki təbəssüm, evlərdən ətrafa yayılan bayram təamlarının ətri, günəşin parıltısı və oyanan təbiət hər kəsi bayram ab-havasına kökləyir.
İlaxır çərşənbəsi kənddə qadınlar üçün xüsusilə hərəkətli başlayır. Onlar bayram süfrəsi üçün müxtəlif şirniyyatlar və yeməklər hazırlayırlar. Həmçinin həyətlərdə tonqal qalanır, sacda yuxa bişirilir, samovara od salınır. Məlhəmdə ləzzətli yeməklərdən olan Şamaxı sucuğu xüsusi sevgi ilə hazırlanır. "Biz bu yeməyi hər il bayramda hazırlayırıq. Bunun üçün nişasta, su, şəkər tozu və qoz ləpəsi lazımdır. Nişasta və şəkər tozu qarışdırılır, sonra odda 15 dəqiqəyə yaxın bişirilir. Qatılaşdıqdan sonra boşqablara çəkilir və üzərinə qoz ləpəsi səpilərək süfrəyə qoyulur. Bu yemək bayram süfrəsinin bəzəyi hesab edilir. Əslində, Şamaxı sucuğu asan ərsəyə gəlmir. Amma bizim üçün çətin deyil. Çünki bu işi nənələrimizdən, analarımızdan öyrənmişik", - deyə kənd sakini Kəmalə Kərimova bildirir.
Bu kənddə Torpaq çərşənbəsində hazırlanan əsas yeməklərdən biri də plovdur. Məlhəm sakini Əfilə Bağırova deyir ki, İlaxır çərşənbədə hər evdə plov bişirilməlidir. Çünki bu, ilin sonuncu çərşənbəsidir: “Hər kəs İlaxır çərşənbəni gözəl yola salmaq istəyir. Bizim kənddə plovun hazırlanması bir ənənəyə çevrilib. Xüsusilə də bayram axşamı plovu xüsusi diqqətlə bişiririk. Plov süfrəyə qoyulanda ailənin bütün üzvləri bir araya gəlir və bu an bayramın ən gözəl hissəsi olur".
Bayram süfrəsinin digər əsas atributlarından biri də boyanmış yumurtalardır. Kənd sakinləri yumurtaları həm təbii üsulla, yəni soğan qabığı ilə, həm də hazır boyalarla rəngləyirlər. Məlhəm sakini Elnarə Şıxəliyeva yumurta boyamağın uşaqlarda xüsusilə sevinc yaratdığını deyir: "Yumurta boyamaq qədim ənənəmizdir. Biz bunu xüsusi həvəslə həyata keçiririk. Əvvəllər yalnız təbii üsullardan istifadə edirdik. Nənələrimiz soğan qabığını qaynadıb onunla yumurtaları rəngləyərdilər. İndi isə müasirləşib, boyalardan da istifadə olunur. Amma hər iki üsulun öz gözəlliyi var. Əsas odur ki, döyüşdürmək üçün müxtəlif rənglərdə və möhkəm yumurtalar olsun. Uşaqlar bu anı səbirsizliklə gözləyirlər. Onların sevinməsi bayramın ən gözəl anlarından biridir".
Kənd ağsaqqalı Rasim Ələsgərov isə İlaxır çərşənbə ilə bağlı xatirələrini yada salır. Eyni zamanda, bayram tonqallarının işğaldan azad edilən torpaqlarda yandırılmasına sevindiyini dilə gətirir. “Keçmişdə İlaxır çərşənbə bir qədər fərqli qeyd olunurdu. O zamanlar hər evdə səməni halvası bişirilərdi. Qonşular bir-birilərinə halva paylayardılar. Uşaqlar səhərə qədər yatmazdılar, səməni bişənədək gözləyərdilər. İndi də bu çərşənbə özünəməxsus şəkildə keçirilir. Xüsusilə son iki il bizim üçün fərqlənir. Ona görə ki, ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilən qədim və əzəli torpaqlarımızda bayram tonqalları yandırılır. Buna çox sevinirik. Bu xoşbəxt günləri bizə nəsib edən şəhidləmizin ruhu şad olsun! Bu tarixi Qələbəyə imza atan Prezidentimiz var olsun!”, - deyə o bildirir.
Məlhəm kəndində Torpaq çərşənbəsində axşama doğru bütün sakinlər küçəyə çıxırlar. Onlar böyük tonqal qalayırlar. Gənclər və uşaqlar odun üzərindən tullanırlar. Bununla uğursuzluqlarını və pis enerjini geridə qoyduqlarına inanırlar. Məlhəm sakini Qalib Həmzəyev bu adətlərin qorunmasının vacibliyini vurğulayır: "Bu bayram qədimdən bizim kənddə böyük sevgi ilə qeyd olunub. Ənənələrimizi qoruyub saxlamışıq. İndi də hamı bir araya gəlir, tonqal qalanır. Uşaqlar papaq atır, gənclər tonqalın başında mahnı oxuyurlar. Əsas odur ki, bu ənənələr gələcək nəsillərə ötürülsün".
Bu kənddə İlaxır çərşənbədə aşıqlar da sazlarını kökləyib bayram nəğmələri oxuyur, sakinlər rəqs edirlər. Aşıq İxtiyar Novruzun və çərşənbələrin aşıq sənətində xüsusi yer tutduğunu söyləyir: "Müasir dövrdə bəzi adətlər adiləşsə də, çərşənbələrdə aşıq musiqisinə üstünlük verilməsinə çalışırıq. Çünki sazın, sözün olduğu yerdə bayram daha gözəl olur. Çərşənbədə sazın səsi eşidilməlidir ki, insanlar həqiqi bayram ab-havasını hiss etsinlər."
Məlhəmdə bayram şənlikləri təkcə kənd sakinlərində deyil, buraya gələn qonaqlarda da böyük ruh yüksəkliyi yaradır.
Qeyd edək ki, Novruz bayramından əvvəl dünyanın yaranması ilə əlaqələndirilən dörd ünsürün adı ilə adlandırılan çərşənbələr qeyd edilir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Bu çərşənbələrin hər biri bu il də respublikamızda böyük sevinclə qeyd edilib. Ölkəmizə yaz fəslinin daxil olması isə martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.