Böyük Britaniyanın Baş naziri Kir Starmer Bukinhemşirdə keçirdiyi təqdimatı fermerlərin səs-küylü etirazı səbəbindən yarımçıq dayandırıb.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, Kir Starmer hökumətin müharibədən sonrakı dövrün ən böyük mənzil tikinti proqramı çərçivəsində 100-dən çox yeni şəhər inşa etməyi planlaşdırdığını açıqlamaq üçün bölgəyə səfər edib. Lakin çıxışı zamanı bir qrup fermer traktorlarda tikinti sahəsinin yanından keçərək etiraz edib. Onlar musiqili siqnallar səsləndirərək Baş nazirin çıxışını pozublar. Etirazın ardından Kir Starmer səfərini vaxtından əvvəl başa çatdırıb.
Qeyd edək ki, Britaniya hökumətinin dəyəri bir milyon funt-sterlinqdən çox olan təsərrüfatlarda 20 faizlik vərəsəlik vergisi dərəcəsinin tətbiqi planları fermerlər arasında böyük narazılığa səbəb olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London