Səməd Seyidov: Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində ən vacib həlqələrdən birinə çevrilib

post-img

Çox təəssüf, Bayden administrasiyası Azərbaycanla ikitərəfli münasibətlərə elə bir zərbə vurub ki, dövlətimizin başçısı tərəfindən son 4 ilin itirilmiş vaxt kimi dəyərləndirilməsi heç də təsadüfi deyil. Amerika Birləşmiş Ştatlarının (ABŞ) nəinki Azərbaycanla, regionumuzda olan başqa ölkələrlə, o cümlədən Gürcüstanla münasibətləri mənfi istiqamətdə cərəyan etməyə başlayıb. Bununla da ABŞ strateji əhəmiyyət daşıyan regionda tərəf kimi Ermənistanla əlaqələri genişləndirməyə yönələrək Gürcüstan və Azərbaycanla münasibətləri faktiki olaraq itirmək səviyyəsinə gəlib çıxıb. Düşünürəm ki, Tramp administrasiyası və onun ətrafında olan insanlar faktiki iflasa uğramış bu illərin qarşılığında növbəti 4 ildə Amerika-Azərbaycan münasibətlərini bərpa etmək imkanına malik olacaqlar və bu istiqamətdə əhəmiyyətli, vacib, nəzərəçarpan addımlar atacaqlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafı yalnız Azərbaycana yox, ABŞ-ın özünə də lazımdır. Amerika öz milli maraqlarını bu regionda tam əks istiqamətdə həyata keçirirdi.

“Bir müddət bundan əvvəl USAID-in fəaliyyətinin nə dərəcədə dağıdıcı və konstruktivlikdən uzaq olduğu, hansı siyasətə xidmət etdiyi hamı üçün aydın oldu. Bir məsələni qeyd etməliyik ki, bu gün Trampın həm Qərbdə, həm də Avropada həyata keçirdiyi siyasət ABŞ-da psevdoliberal dəyərlərin iflasa uğraması ilə birbaşa bağlıdır. Tramp və onun komandası ultrasolçu və liberal-demokratik dəyərlərin alət kimi istifadə olunaraq xalqların bir-birinə toqquşdurulması, müxtəlif rəngli inqilabların təşkili, millətlərə xas olmayan ideyaların onlar arasında təbliği, müharibələrin, hətta terrorçuların maliyyələşdirməsi ilə bağlı məsələləri kimi qiymətləndirir. Ona görə hesab edirik ki, bu məsələyə çox ciddi nəzər salan Trampın yeni administrasiyası artıq bu işdə ciddi dönüş yarada biləcək və bu da öz növbəsində regionumuzla sağlam münasibətlərin formalaşdırılmasına əsas yaradacaq”, - deyə o bildirib.

S.Seyidov qeyd edib ki, ölkəmiz həmişə ABŞ-la ən yüksək səviyyədə əlaqələr qurub. Ulu Öndər Heydər Əliyevin fəlsəfəsi əsasında hələ ABŞ-la, ümumiyyətlə, Qərblə münasibətlərimiz müsbət istiqamətdə qurulub. Bu əlaqələr yalnız ölkəmizin yox, Qərbin də marağında olub. Bizim istəyimiz yalnız Azərbaycanın milli maraqları, regionda yeni reallıqların nəzərə alınması, qarşılıqlı hörmət əsasında inkişafın təmin olunmasıdır. Bu istiqamətdə Azərbaycan həm ABŞ-la, həm də başqa ölkələrlə çoxşaxəli siyasət aparır.

“Bir müddət öncə Çinlə strateji əməkdaşlıq səviyyəsinə yüksələn münasibətləri müzakirə etmişik. Bununla bağlı xüsusi sənəd də imzalamışıq. Biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrini ən yüksək səviyyədə, müttəfiqlik bəyannamələri ilə inkişaf etdirir. Eyni zamanda, Türkiyə ilə münasibətlərimiz də yüksək səviyyədədir. Şuşa Bəyannaməsi bu münasibətləri tamamilə başqa müstəviyə yüksəldib və bu gün Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan elə bir məkana çevrilib ki, biz bu çoxşaxəli siyasəti milli prioritetlər çərçivəsində aparmalıyıq. Biz hansısa məkandan asılı deyil, məkanların Azərbaycandan asılılığını təşkil edən siyasəti yürüdürük və bu da öz bəhrəsini verir. Ona görə ki, bu gün böyük dövlətlər Azərbaycan vasitəsilə bir-biri ilə əlaqə qururlar. Bu gün region ölkələri Azərbaycandan bəhrələnirlər. Bu gün Mərkəzi Asiya, Azərbaycan, Türkiyə dünyaya yeni Türk dünyasının birgə fəaliyyətini təqdim etmək iqtidarında və imkanındadır. Artıq Azərbaycan elə bir mərhələyə yüksəlib ki, həm Qərb, həm Şərq, həm Şimal, həm Cənub onunla əlaqələrin milli maraqların nəzərə alınmaqla qurulmasını prioritet hesab edirlər. Çünki bu gün regionda gedən həm iqtisadi, həm siyasi proseslər Azərbaycanı beynəlxalq münasibətlər sistemində ən vacib həlqələrdən birinə çevirib”, - deyə S.Seyidov vurğulayıb.

Siyasət