NASA çərşənbə axşamı, fevralın 11-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) qarşıdakı müntəzəm uçuş və kosmosda qalmış astronavtları geri qaytarmaq üçün istifadə etməyi planlaşdırdığı kapsulu dəyişdirib.
ABŞ-ın kosmik agentliyi bildirib ki, missiyanı idarəetmə qrupu kosmik stansiyaya “Crew-10” missiyası üçün istehsalının təxirə salındığı bildirilən yeni “SpaceX” kapsulunun əvəzinə əvvəllər də BKS-ə uçmuş “SpaceX Crew Dragon” kapsulundan istifadə etməyi üstün tutub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, martın 12-də kosmosa buraxılacaq “Crew Dragon” kapsulunun uçuşa hazırlığının qiymətləndirilməsi davam etdiriləcək.
“Boeing“in missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya uçan iki astronavt - Batç Vilmor və Syuni Villyamsın geri qayıtması da növbəti missiya çərçivəsində həyata keçiriləcək. Bu qərar Prezident Donald Trampın “SpaceX”in sahibi İlon Maska keçən ay verdiyi tapşırıqdan sonra qəbul edilib.
NASA Trampın tələbindən sonra astronavtları vətənə gətirmək planını təsdiqləyib. Agentlik çərşənbə axşamı verdiyi açıqlamada “Crew-10” kapsulunun dəyişdirilməsi qərarının “Starliner” ekipajını tezliklə Yerə qaytarmaq üçün verildiyini bildirməyib. NASA-nın kommersiya ekipajı Proqramının rəhbəri Stiv Stiç “SpaceX” şirkətini çevikliyinə görə tərifləyərək qeyd edib ki, insanların kosmosa uçuşu gözlənilməz çətinliklərlə doludur.
Donald Tramp astronavtların vəziyyətinə görə sələfi Co Baydeni günahlandırmışdı. Prezidentin tələbini dərhal qəbul edən Mask da bu problemə görə Ağ evin sabiq sahibini tənqid edib.