ABŞ və Kolumbiya bazar günü, yanvarın 26-da ticarət müharibəsinin astanasından geri çəkilib. Bu, Ağ evin Cənubi Amerika ölkəsinin deportasiya edilmiş miqrantlarını daşıyan hərbi təyyarələri qəbul etməyə razı olduğunu bildirməsinin ardından baş verib.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp genişmiqyaslı miqrasiya kampaniyası çərçivəsində Kolumbiyanı deportasiya edilən insanları daşıyan hərbi təyyarələri qəbul etməkdən imtina etdiyinə görə cəza olaraq tariflər və sanksiyalarla hədələyib.
Bununla belə, Ağ ev bazar günü axşam yaydığı bəyanatda Kolumbiyanın miqrantları qəbul etməyə razı olduğunu və bu səbəbdən Vaşinqtonun hədələdiyi sanksiyaları tətbiq etməyəcəyini bildirib. “Reuters” xəbər verir ki, bəyanatda deyilir: “Kolumbiya hökuməti ABŞ-dan qayıdan bütün kolumbiyalı qeyri-qanuni mühacirlərin maneəsiz, o cümlədən ABŞ hərbi təyyarələrində məhdudiyyətsiz və ləngimədən qəbul edilməsi də daxil olmaqla Prezident Trampın bütün şərtləri ilə razılaşıb”.
Vaşinqtonun təklif etdiyi və dayandırılan tədbirlər arasında Birləşmiş Ştatlara daxil olan bütün Kolumbiya mallarına 25 faizlik tarif daxil idi ki, bu da bir həftə ərzində 50 faizə yüksələ bilərdi. Bununla yanaşı, Kolumbiyanın hökumət rəsmiləri üçün səyahət qadağası və vizanın ləğvi, habelə fövqəladə xəzinədarlıq, bank və maliyyə sanksiyaları da nəzərdə tutulurdu.
Donald Tramp, həmçinin Kolumbiya vətəndaşları və yüklər üzərində sərhəd yoxlamalarını gücləndirməklə hədələyib. Uçuş razılaşması elan edilməzdən əvvəl Dövlət Departamentinin sözçüsü ABŞ-ın Boqotadakı səfirliyində viza rəsmiləşdirilməsini dayandırdığını bildirib.
ABŞ-ın Siyahıyaalma Bürosunun məlumatına görə, Birləşmiş Ştatlar Kolumbiyanın ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2006-cı ildə imzalanmış azad ticarət Sazişi sayəsində 2023-cü ildə ikitərəfli ticarətdə 33,8 milyard dollar və ABŞ-da 1,6 milyard dollar ticarət profisiti yaranıb.
Tramp qeyri-qanuni immiqrasiyanı milli fövqəladə vəziyyət elan edib və keçən bazar ertəsi vəzifəyə başlayandan bəri sərt tədbirlər görüb.
O, ABŞ ordusuna sərhədin təhlükəsizliyinə kömək etməyi əmr edib, sığınacaq verilməsinə geniş qadağa qoyub və ABŞ torpaqlarında doğulan uşaqlar üçün vətəndaşlığı məhdudlaşdırmağa cəhd edib.
Ötən həftə Meksika da miqrantları daşıyan ABŞ hərbi təyyarəsinin enişinə icazə verilməsi tələbini rədd edib.
ABŞ Prezidenti qeyri-qanuni mühacirlərə və ABŞ-a daxil olan şübhəli şəxslərə qarşı təzyiqləri gücləndirmək üçün fevralın 1-dən Kanada və Meksikadan idxala 25 faizlik gömrük rüsumları tətbiq etməyi düşündüyünü bildirib.