Türkiyə, İraq və Suriya bütün imkanlarını birləşdirməli, İŞİD və PKK terror təşkilatlarını məhv etməlidir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.
“Anadolu”nun məlumatına görə, türkiyəli diplomat qeyd edib ki, Ankaranın İraqdan son gözləntisi əvvəllər qadağan olunmuş təşkilat elan etdiyi PKK-nı terror təşkilatı kimi tanımasıdır.
Fidanın sözlərinə görə, Türkiyə və İraqın xarici işlər nazirləri arasında keçirilən danışıqlarda iki ölkə və regiona aid mühüm məsələlər ətraflı müzakirə edilib, Ankara ilə Bağdad arasındakı münasibətlər strateji baxımdan araşdırılıb.
“İraqla təhlükəsizlik və terrorla mübarizə məsələlərində əldə etdiyimiz qarşılıqlı anlaşma bu kontekstdə çox dəyərlidir. Xüsusilə, terrorla mübarizədə əməkdaşlığımız, İŞİD və PKK ilə mübarizəmiz son dərəcə əhəmiyyətlidir. PKK İraqın suverenliyini pozur və onun milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu yaxınlarda PKK-nın hücumu nəticəsində iki İraq əsgəri şəhid olub. Şəhid olan əsgərlərə Uca Yaradandan rəhmət diləyirəm. PKK Türkiyə, İraq və Suriyanı hədəf alır. Bölgəmizin gələcəyi, onun sülhü və rifahı naminə terrora qarşı birgə mübarizə aparmalıyıq. Biz bütün imkanlarımızı birləşdirib həm İŞİD-i, həm də PKK-nı məhv etməliyik. İraqdan son gözləntimiz terror təşkilatı kimi qadağan edilmiş PKK-nın tanınmasıdır”, - deyə türkiyəli nazir xüsusilə qeyd edib.
P.ƏMİRCANOV
XQ