Almaniyanın müxtəlif bölgələrində Yeni il gecəsi atəşfəşanlıq nəticəsində azı 5 nəfər həlak olub.
XQ xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Həlak olanlar 20-50 yaş arası kişilərdir. Onlardan biri Şimali Reyn-Vestfaliya federal əyalətində, ikisi Saksoniyada, daha ikisi Hamburq və Brandenburqda dünyasını dəyişib. Qəzetin yazdığına görə, ən azı iki halda ölüm səbəbi evdə hazırlanmış atəşfəşanlıq olub.
Eyni zamanda, nəşr qeyd edir ki, ümumilikdə ölkədə Yeni il gecəsi nisbətən sakit keçib: keçən ildən fərqli olaraq, böyük iğtişaşlar və polislə toqquşma olmayıb.
Buna baxmayaraq, ötən gecə Berlində əsasən pirotexniki vasitələrdən istifadə qaydalarını pozan 330 nəfər həbs edilib. Ötən il olduğu kimi, Almaniyanın paytaxtında və digər şəhərlərində atəşfəşanlıq polis, yanğınsöndürən və digər fövqəladə xidmətlərə hücum etmək üçün istifadə olunub. Berlində Yeni il ərəfəsində 13 polis yaralanıb, onlardan biri ağırdır - fişəng onun ayağına dəyib.
S.ELAY
XQ