Rəsmi Tbilisi Avrointeqrasiya yolundan imtina etmək niyyətində olmadığını bildirir
Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiya yolundan dönmədiyini dəfələrlə bəyan etsə də, ölkədə noyabrın 28-dən bəri baş qaldırmış etiraz dalğası sakitləşmək bilmir. Əlbəttə, bu məsələdə Qərb dairələrinin dəstəyi də mühüm rol oynayır. Bütün Avropa, eləcə də ABŞ rəsmiləri gürcü müxalifətinin etirazlarını birmənalı şəkildə dəstəkləyir və demək olar ki, hər gün bu istiqamətdə yeni-yeni bəyanatlar səsləndirirlər. Bu qüvvələr Gürcüstanın Rusiyaya tərəf meyillənməsini bəhanə gətirir, Baş nazir İrakli Kobaxidzenin ölkənin Avrointeqrasiyadan imtina edilmədiyi barədəki bəyanatlarını isə qulaqardına vururlar.
Dünən ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel yeni bəyanatla çıxış edərək bildirib ki, ölkəsinin “Gürcüstanda demokratiyanı sarsıdanlara qarşı sanksiyaları, ilk növbədə, Gürcüstanın Avro-Atlantik istəklərinə dəstək nümayiş etdirmək məqsədi daşıyır”. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası isə bunlara müvəqqəti problemlər kimi baxır. Hökumət Bayden administrasiyasının “seçkiləri uduzduğunu və mandatının başa çatmaq üzrə olduğunu” bildirir, yanvarın 20-də ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Tbilisi ilə Vaşinqton arasında münasibətlərin “yenidən normallaşacağını” gözləyir.
Patel isə başqa hava çalır: “Dörd-beş həftə uzun müddətdir. Dörd və ya beş həftə ərzində çox şey baş verə bilər. Bu idarənin hələ çox vaxtı var. Və nəhayət, məsələ ondadır ki, biz gürcü xalqı və onun Avro-Atlantik istəkləri ilə həmrəyik”. Amma belə görünür ki, “gürcü xalqının Avro-Atlantik istəkləri” ilə həmrəy olanlar Gürcüstan hakimiyyətinin Avro-Atlantik istəkləri ilə heç cür həmrəy olmaq istəmirlər.
Ona görə də Patel Bayden administrasiyasının Tbilisiyə qarşı yeni sanksiyalar hazırladığını deyib: “Dövlət katibi Blinkenin daha əvvəl dediyi kimi, biz Gürcüstanda demokratiyaya xələl gətirdiyinə inandığımız şəxsləri məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq”.
Xatırladaq ki, dekabrın 12-də ABŞ Gürcüstan hökumətinin və parlamentinin 20-yə yaxın üzvünə, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarına və fiziki şəxslərə qarşı viza sanksiyaları tətbiq edib. Məhdudiyyətlər Vaşinqtonun “Gürcü arzusu”nun Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırmaq barədə qərarına və Tbilisidə müxalifətin etirazlarının yatırılmasına cavab olaraq tətbiq edilib. Bundan əvvəl isə ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlamışdı.
Əlbəttə, Qərbin Gürcüstana qarşı təzyiqləri qonşu ölkələrdə narahatlıqla izlənməkdədir. Azərbaycan baş verənlərdən ciddi narahatdır və Cənubi Qafqazın lider ölkəsi kimi, regionda sabitliyin pozulmasını yolverilməz sayır. Uzun müddətdən bəri səssizliyini qoruyan Rusiya da artıq Tbilisi ilə bağlı proseslərə reaksiya verməyə başlayıb. Dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-24” telekanalının efirində bildirib ki, Avropanın Gürcüstanın daxili işlərinə qarışmasını təəccüblə izləyirlər. Bununla yanaşı, o əlavə edib ki, Moskva bu ölkədəki hadisələrə qarışmaq niyyətində deyil: “Biz Gürcüstandakı hadisələrə heç bir şəkildə müdaxilə etməmişik, qarışmırıq və heç bir şəkildə müdaxilə etmək niyyətimiz də yoxdur. Ona görə də burada təəccüblə müşahidə etdiyimiz yeganə amil avropalıların Gürcüstanın işlərinə açıq-aşkar müdaxiləsi və Gürcüstan hakimiyyətinə tamamilə həyasız təzyiq cəhdləridir”.
Onun sözlərinə görə, Rusiya sonuncu seçkilərdən sonra Gürcüstan rəhbərliyi ilə münasibət qurmur: “Gürcüstan hakimiyyətinə məsləhət vermək bizim işimiz deyil, biz bunu etməyəcəyik”.
Bugünlərdə Tbilisidə olan Avropa Şurasının baş katibi Alen Bersetlə söhbətində Baş nazir Kobaxidze bir daha narahatlığını bildirərək deyib ki, ölkə Avrointeqrasiyadan imtina etmədiyini dönə-dönə təkrarlasa da, etiraz dalğası səngimir. Şübhəsiz ki, baş nazir etirazları dəstəkləyənlərə mesajını ünvanlayır, dayanmaq vaxtı olduğunu bildirir.
Elə gürcü siyasi xadimləri də qeyd edirlər ki, əgər Avropa Şurasının baş katibi Gürcüstana səfərə gəlirsə, ölkənin baş naziri, parlamentinin rəhbəri, eləcə də hakim partiyanın fəxri sədri Bidzina İvanişvili ilə görüşlər keçirirsə, deməli, Gürcüstan hakimiyyətinin legitimliyi təsdiqlənmiş olur. “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından deputat David Matikaşvili bildirib ki, Alen Bersetin Gürcüstana səfəri ölkə hakimiyyətinin legitimliyi məsələsinin gündəmdə olmadığını bir daha sübut edir: “Avropa Şurası baş katibinin Gürcüstana səfəri hökumətin legitimliyi ilə bağlı müzakirələrin sağlam düşüncə hüdudlarından kənara çıxdığının sübutudur”.
Matikaşvili bu səfərdən sonra müxalifətin dalana dirənəcəyini, “milli Maydan”ın baş tutmadığını bir daha xatırladıb. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili isə səfərlə bağlı deyib: “Hesab edirəm ki, baş katibin Gürcüstana gəlməsi çox yaxşı fürsət, yaxşı siyasi jest idi. Bizim bir-birimizi dinləmək imkanımız oldu və hər şeydən əvvəl o, hakimiyyət nümayəndələrini və onların mövqelərini dinlədi”.
Etiraz aksiyaları isə davam etməkdədir. Ümid etmək olar ki, AŞ baş katibinin səfərindən sonra Gürcüstana sakitlik qayıda bilər.
P.ƏMİRCANOV
XQ