Elm üzrə Nobel mükafatı laureatları mətbuat konfransı keçiriblər. Çıxış edənlər süni intellektin sürətli inkişafının gözlənildiyindən çox tez “superintellektə” səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar suni intellektdən təhlükəsiz istifadəni təmin etmək üçün daha sərt tənzimləmə tədbirlərinin zəruriliyini bildiriblər.
Fizika üzrə 2024-cü il Nobel mükafatı laureatlarından biri olan Ceffri Hinton süni intellektin insan imkanlarını aşan “superintellektə” sürətlə yaxınlaşdığını bildirib. O, bunun gözləniləndən daha qısa vaxtda – növbəti 20 il ərzində baş verə biləcəyini vurğulayıb: “Kommersiya şirkətləri rəqabət aparanda təhlükəsizlik arxa plana keçir. Bu, həqiqətən də silah yarışıdır. Yaxın 20 il ərzində insan qabiliyyətini üstələyən süni intellektin yaradılması ehtimalı 50 faizdir… Biz süni intellektin bəşəriyyətə hakim olması ehtimalını ciddi şəkildə nəzərdən keçirməliyik”.
Eyni zamanda, qeyd edilib ki, süni zəka sahəsində nailiyyətlər tibdə yanlış diaqnozların sayını iki dəfə azaltmağa, həmçinin yeni dərmanların işlənib hazırlanmasını sürətləndirməyə imkan verəcək. Hazırda süni intellekt neyron şəbəkələr sayəsində insanın hərəkətini imitasiya edir, yaşlı insanların tənhalığına qarşı mübarizə aparır, qanunauyğunluğu öyrənir, sürətli əməliyyatların köməyi ilə böyük məlumat həcmlərini birləşdirir, okeanlarda plastikləri aşkarlayır, əmək sahəsində təkrarlanan məsələləri avtomatlaşdırır. “AlphaGeometry” sistemi həndəsədən məsələləri riyaziyyat olimpiadasının çempionu kimi yerinə yetirə bilir. Həyatımızın bütün sahələrinə ayaq açıb. Yəni onun fəaliyyət sahəsi çox genişdir.
Bununla bağlı Hinton hesab edir ki, şirkətlər süni intellekti inkişaf etdirərkən təhlükəsizliyi təmin etmək üçün kifayət qədər güc və pul sərf etmirlər. Onun məlumatına görə, hazırda bu məqsədə ümumi vəsaitin, təxminən, 1 faizi sərf edilir. O, süni intellekt tərtibatçılarını texnologiyanın inkişafı zamanı təhlükəsizliyə önəm verməyə çağırıb. Bunun üçün müvafiq orqanları qanun hazırlamağa və qəbul etməyə çağırıb.
Hinton, həmçinin süni intellektin hərbi istifadəsinin, xüsusən də avtonom silahların adekvat tənzimlənməsinin olmaması ilə bağlı narahatlıqlarını ifadə edərək, hökumətləri bu riskləri həll etmək üçün daha güclü tədbirlər görməyə çağırıb.
Kimya üzrə Nobel mükafatı laureatı Demis Hassabis də Hintonun narahatlığına şərik çıxıb. O, mürəkkəb zülal strukturlarının proqnozlaşdırılması üzrə süni intellekt modeli hazırlayıb və bu sahədə qabaqcıl işinə görə tanınır. Alim xəstəlik və iqlim dəyişikliyi kimi kritik problemləri həll etmək üçün süni intellektin böyük potensialını etiraf edib. Bildirib ki, süni intellekt texnologiyasındakı sürətli irəliləyişlərlə yanaşı, bu sahəni tənzimləyən cevik qaydalar hazırlanmalıdır.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daron Əcəmoğlu da söhbətə qoşulub. D.Əcəmoğlu süni intellektin inkişaf etməkdə olan ölkələrə gətirə biləcəyi faydaları qeyd etməklə yanaşı, ona nəzarətinin bir neçə güclü qurumun əlində cəmlənməsini tənqid edib. Xəbərdarlıq edib ki, gücün bu cəmləşməsi zəngin və kasıb ölkələr arasında iqtisadi fərqləri daha da gücləndirəcək.
Beləliklə, süni intellekt sürətlə inkişaf etdiyi üçün Nobel mükafatçıları vaxtında və effektiv tənzimləmənin zəruriliyini qeyd ediblər. Onların ortaq narahatlıqları süni intellektlə əlaqəli risklərin idarə edilməsi ilə bağlı olub. Bildiriblər ki, süni zəkanın faydaları ümumi mənafe üçün istifadə edilməlidir.
Hazırladı:
Pünhan
XQ