Dekabrın 6-da Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasını keçirmək üçün Minskə gedib. Məlumatı “izvestiya.ru” verib.
İclasın materiallarında bildirilir ki, dövlət başçıları həm ikitərəfli, həm də aktual qlobal problemləri müzakirə etməyi planlaşdırırlar. Tədbirdə Rusiya və Belarusun ümumi müdafiə məkanının gücləndirilməsi məsələlərinə də xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, ittifaq quruculuğunun gedişi və gələcək inteqrasiya, qarşılıqlı fəaliyyət perspektivləri nəzərdən keçiriləcək, həmçinin vahid elektrik enerjisi bazarının formalaşdırılması, malların qeyri-qanuni idxalına qarşı mübarizə, elektrik enerjisi istehsalı üçün vahid qaydaların tətbiqi ilə bağlı bir sıra konkret qərarların qəbul edilməsi planlaşdırılır.
P.ƏMİRCANOV
XQ