Belarus Budapeştin Ukrayna münaqişəsi ilə bağlı sülh təşəbbüslərini alqışlayır. Bunu Belarus xarici işlər naziri Maksim Rıjenkov Minskdə Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində macar həmkarı Peter Siyarto ilə danışıqlardan sonra deyib. Məlumatı “Anadolu” Belarus XİN-in mətbuat xidmətinin məlumatına istinadən yayıb.
“Biz çox şadıq ki, macar dostlarımız belə əlamətdar tədbirdə iştirak edirlər. Konfrans iştirakçılarının ümumi fikrini deyim ki, öz ölkəsinin, xalqının müdafiəsinə qalxan əsl siyasətçinin çox sağlam, aydın, dürüst çıxışı hamımızı heyran edir. Avropada bunlardan az qalıb. Ona görə də biz çox şadıq ki, belə bir siyasətçi bu gün bizim konfransımızda yanımızdadır”, - belaruslu nazir qeyd edib.
Rıjenkov bildirib ki, Siyarto ilə ikitərəfli danışıqlar aparıb, Belarus-Macarıstan ikitərəfli münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, çoxtərəfli formatda qarşılıqlı fəaliyyət müzakirə olunub.
P.ƏMİRCANOV
XQ