Yaponiyanın meteorologiya idarəsinin məlumatına görə, bu payız mövsümündə Yaponiyanın Fuci dağında qar yağmayıb. “The Guardian” nəşri yazır ki, bu, 130 il əvvəl burada qar örtüyünün qeydə alınmasına başlayandan bəri dağın yamaclarında qarın olmadığı ilk hadisədir.
AZƏRTAC xəbər verir ki, vulkanın qar örtüyü orta hesabla oktyabrın 2-də əmələ gəlməyə başlayır və ötən il Fuci dağında ilk qar oktyabrın 5-də yağıb.
Kofu yerli meteorologiya bürosunun sinoptiki Yutaka Katsuta bildirib ki, bu il havaların isti olması səbəbindən Yaponiyanın ən yüksək dağı hələ də qar görməyib.
Sinoptikin sözlərinə görə, bu yay temperatur normadan yüksək olub və soyuq hava dalğasını uzaq tutaraq sentyabr ayına qədər davam edib. Onun fikrincə, iqlim dəyişikliyi qar örtüyünün əmələ gəlməsinin gecikməsinə müəyyən təsir göstərə bilər.
Yaponiyada bu ilin yay mövsümü rekord dərəcədə isti olub.