“Gürcüstan üçün çox böyük strateji əhəmiyyət kəsb edən Anakliya dərinsulu limanının tikintisinə başlanılıb. Limanın dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə tenderin qalibi olmuş Belçikanın “Jan De Nul” şirkəti, plana uyğun olaraq, artıq işə başlayıb”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze limanda tikinti işlərinə başlanması ilə əlaqədar keçirilən rəsmi açılış mərasimində məlumat verib.
Onun sözlərinə görə, liman ölkənin liman infrastrukturunun inkişafında, eləcə də infrastrukturun təkmilləşdirilməsində, Avropa və Asiyanın nəqliyyat sistemlərini birləşdirən Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq.
Baş nazir deyib ki, birinci mərhələdə dəniz limanının akvatoriyasının dərinləşdirilməsi planlaşdırılır və intensiv işlər nəticəsində artıq irəliləyiş əldə olunub.
Limanın ötürmə qabiliyyəti, layihənin birinci mərhələsinin həyata keçirilməsi ilə 600 min konteyner, təxmini investisiya dəyəri isə 600 milyon ABŞ dolları təşkil edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi