Rusiya və Çinin dünyadakı vəziyyət və ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı ümumi baxışları var. Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşündə deyib. Məlumatı RF Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən “Anadolu” verib.
“Dünən biz Çin Xalq Respublikasının müdafiə naziri ilə çox məzmunlu danışıqlar apardıq və ümumi baxışların, vəziyyətin ümumi qiymətləndirilməsinin və birlikdə nə etməli olduğumuz barədə ümumi anlayışın olduğunu görürük”, - Belousov bildirib.
O qeyd edib ki, iki ölkə liderlərinin - Çin sədri Si Cinpinin və Rusiya prezidenti Vladimir Putinin səyləri sayəsində Rusiya və Çin arasında strateji tərəfdaşlıq qurulub: “Bizim vəzifəmiz onu gücləndirmək və inkişaf etdirməkdir”.
Öz növbəsində, ÇXR Mərkəzi Hərbi Şurasının (MHŞ) sədr müavini Çjan Yuxia bildirib ki, Çin və Rusiya silahlı qüvvələr arasında əməkdaşlığı dərinləşdirməlidirlər.
Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Çinin hərbi və hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmaq üçün rəsmi səfərlə Pekinə uçub.
P.ƏMİRCANOV
XQ