Qərbi Azərbaycanın şirin inciləri

post-img

“Azərbaycan Milli Kulinariya Assosiasiyası” və “Xanədan” etno-restoranının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının  təqdimat mərasimi keçirilib. 

 “20 oktyabr – Dünya Kulinariya günü”nə həsr edilən mərasimi giriş sözü ilə açan və təqdim olunan kitab haqqında ətraflı məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının  (AMKA) və TÜRKSOY-un “Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi” nin Prezidenti Tahir Əmiraslanov  layihənin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi dəstəyi ilə ərsəyə gəldiyini vurğulayıb: “Bu gün təqdimatını etdiyimiz “Qərbi Azərbaycanın şirin inciləri” kitabında Qərbi Azərbaycanın mətbəxi və şirniyyatlarının tarixi haqqında məlumat verilir. Yüzdən çox şirniyyatın hazırlanma qaydaları, maraqlı şəkilləri ilə birgə bu kitabda qeyd olunub.  “Qərbi Azərbaycanın şirin inciləri” adlı bu kitab  Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir”. 

Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında kitabın elmi, praktiki, mədəni mahiyyəti ilə yanaşı, siyasi mahiyyətini də açıqlayıb, görülmüş işi yüksək dəyərləndirib: “Bu gözəl kitabı ərsəyə gətirməyimizdə əsas məqsədimiz Azərbaycanımızın milli mətbəx mədəniyyətini, onun tarixini, unudulmuş kulinariya incilərini toplayaraq, gələcək nəsillərimizə və bütün dünyaya ərməğan etməkdir. Kitabı elə bu səbəbdən həm doğma dilimizdə, həmçinin ingilis dilində hazırlamışıq”.

Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alır. Kitabın son üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.

Mərasimdə Naxçıvan Dövlət Universitetinin ( NDU) müəllim-tələbə heyəti  və AMKA-nın Naxçıvan üzrə nümayəndəsi də  fəal iştirak etdi. NDU nümayəndə heyətinin təqdim etdiyi  süfrə, iştirakçıların milli geyimləri,  Ordubad limonu, alana, sucuq, çöçə, ballı qayğanaq, bəy dəstanası və digər şirniyyatlar bütün qonaqları  görünüşü  və dadıyla valeh elədi. Bunlar Milli Mətbəximizin tədqiqatında və təbliğində univetsitetin böyük potensialı olduğunu əyanı nümayiş etdirir.
AMKA 1993-cü ildən şanlı ordumuzla da əlaqələrinin davam etdirir.  Assosiasiyasının üzvləri dəfələrlə Ordu komandanlığının mükafatlarına layıq görülmüşlər. Bu barədə danışan MN-nin  Maddi-Texniki Təminat Baş İdarəsinin məsləhətçisi,  AMKA-nı Fəxri Üzvü polkovnik-leytenant Vaqif Musayev qeyd etdi ki, novbəti belə tədbir ümidvaram ki, Qərbi Azərbaycanda keçiriləcək. 

Digər çıxışçılar da qeyd etdi ki, kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.

Sonda tədbir iştirakçılarına Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılaraq, hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabı təqdim edilib.

XQ

 

Mədəniyyət