Livan Hizbullah hərəkatı lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyən bəyanat yayıb. Hərəkatın bəyanatını Livan mediası yayıb.
Təşkilatın məlumatına görə, Nəsrullah "30 ilə yaxındır rəhbərlik etdiyi böyük və ölməz şəhidlərə qovuşdu".
Hizbullah 1982-ci ildə Məhəmməd Hüseyn Fədlallah, Əli Əkbər Möhtəşəmipur və İmad Muğniyə tərəfindən yaradılıb. Həsən Nəsrullah 1992-ci ildə təşkilata rəhbərlik edib.
Bundan əvvəl İsrailin şiə Hizbullah hərəkatının rəhbəri Həsən Nəsrullahın məhv edilməsi əməliyyatı zamanı Beyruta bir ton ağırlığında 85 bomba atdığı məlum olub.
Sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib ki, Hizbullah lideri Beyrutun cənubunda təşkilatın yeraltı qərargahına qırıcı təyyarənin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Hücum şiə təşkilatının ali komandanlığının qərargahında olduğu və “İsrail Dövləti vətəndaşlarına qarşı terror fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olduğu” bir vaxtda həyata keçirilib.
S.ELAY
XQ