Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrislə ABC News telekanalında debatda iştirak etməkdə heç bir məna görmür.
AZƏRTAC xəbər verir ki, Trampın sosial mediada yazdığına görə, onun bu kanalda debata çıxması mənasızdır. Çünki efirə “Trampa nifrət edənlər” qrupu yığışacaq. Bundan əlavə, o, Harrisin bəzi digər media orqanlarında, xüsusən də Fox News, NBC, CBS və CNN kimi telekanallarda debata çıxmaqdan boyun qaçırmasını pisləyib.
Tramp daha əvvəl Harrislə seçkiqabağı üç raund debatlar keçirmək istədiyini demişdi. Onun təklifinə görə, birinci raund sentyabrın 4-də Fox News kanalında, ikincisi sentyabrın 10-da ABC News kanalında, üçüncü isə bu gün NBC kanalında keçirilməli idi.
İndiyədək Harris yalnız ABC News telekanalında sentyabrın 10-na nəzərdə tutulan debatda iştiraka razılıq verib. Həmçinin deyib ki, bundan sonra əlavə debatların keçirilməsi ideyasını müzakirə etməyə hazırdır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.