Avstraliya hökuməti bu gün ölkənin şimalındakı nəhəng günəş fermasından elektrik enerjisini 4,300 kilometr dənizaltı kabel vasitəsilə Sinqapura göndərəcək 13,5 milyard dollarlıq layihəni təsdiqlədiyini bildirib.
Avstraliyanın ətraf mühit naziri Tanya Plibersek bildirib ki, “SunCable” şirkətinin qabaqcıl Avstraliya-Asiya elektrik ötürücü xətti layihəsi ölkə daxilində və xaricdə bərpaolunan enerjiyə artan tələbatın ödənilməsinə kömək edəcək.
“SunCable” şirkəti isə bildirib ki, 2027-ci ildə yekun investisiya qərarı veriləcək. Günəş enerjisi təchizatının 2030-cu illərin əvvəlində başlayacağı gözlənilir.
Plibersekin sözlərinə görə, layihənin təsdiqi təbiəti mühafizə etmək üçün ciddi şərtlərlə, xüsusən də marsupial (kisəli) heyvanların - böyük bilbilərin yaşadığı mühitin mühafizəsi ilə müşayiət olunur.
İki mərhələdə həyata keçiriləcək layihə Avstraliyanın şimal ərazisinin paytaxtı Darvin və Sinqapurda iri sənaye müştərilərini 6 giqavata qədər təmiz elektrik enerjisi ilə təmin etmək məqsədi daşıyır.