Rusiya–Ukrayna savaşı: Kəssə hər kim tökülən qan izini!

post-img

Təqribən 30 ay əvvəl Rusiya ilə Ukrayna arasında hərbi savaş başlayanda, çoxları ağlına belə gətirmirdi ki, müharibə bu qədər uzun çəkəcək. Bu dəhşətli savaşın indi acı nəticəsi budur ki, qanlı döyüşlərdə hər iki tərəfdən yüz minlərlə əsgər və zabit həyatını itirib. Milyonlarla ukraynalı acı qaçqın və köçkün taleyi yaşamağa məcbur olub. 

Qeyd edək ki, müharibə başlayanda Ukraynada təx­minən 41 milyon əhali yaşa­yırdı. Hazırda ölkə əhalisinin qeyri-dəqiq məlumatlara görə, təxminən 3 milyonu Rusiyaya, 9 milyonu isə Qərbə, əsasən ABŞ və Kanadaya üz tutub. Ölkənin şəhər və kəndləri vaxtaşırı raket və artilleriya atəşinə məruz qalır. Avropanın ən bərəkətli torpaqları sayılan Ukraynada üzücü və tükətdiri­ci müharibə davam edir və da­ğıdıcı, amansız savaşın nə vaxt bitəcəyi isə heç kimə məlum deyil. 

Bütün bunların qarşısını almaq olardımı? Qlobal medi­ada heç də ritorik əhəmiyyət daşımayan bu suala müxtəlif cavab və arqumentlər gətirilir. Lakin “ən ağıllı” cavabların heç biri günahsız yerə həlak olan insanların, eləcə də uşaq, qadın və qocaların həyatlarını geri qaytara bilməz! Heç bir müharibə doğmalarını itirən bir körpənin göz yaşlarına belə dəyməz. Həyatda ən dəyərli şey insan həyatıdır. Təəssüf ki, bir çox siyasətçilər “böyük iddiaları”nın girovlarına çev­rilərək, bu sadə həqiqəti heç cür başa düşmək istəmirlər. 

Bəli, artıq iki il yarımdır ki, Rusiya-Ukrayna savaşında yüz kilometrlərlə uzanan cəbhənin təmas xətti boyu qanlı döyüş­lər səngimir, ağır silahlar, ra­ket və artilleriyalar bir an belə susmaq bilmirlər. Hər iki ölkə­nin əngin səmalarında dolaşan pilotsuz uçuş aparatları, yəni dronlar ətrafa ölüm və vəhşət saçırlar. Gah Rusiyanın, gah da Ukraynanın dinc əhalisi qarşı­lıqlı hücumların qurbanlarına çevrilirlər. 

Bu ağır, dözülməz vəziyyət qorxu və həyəcan içərisində yaşayan insanların psixikasına da ciddi təsir göstərir. Müha­ribə sindromu hələ uzun illər insanların normal həyatlarına zəhər qatacaq. Hər iki ölkədə ağıllı, müdrik insanlar başa düşürlər ki, bu mənasız qardaş qırğınını nəyin bahasına olur­sa-olsun dayandırmaq lazım­dır. Amma heç kəs bu ağır mə­suliyyəti öz boynuna götürmək istəmir. Televiziya və sosial şəbəkələrdən kütləyə ünvan­lanan savaş ritorikası artır ki, azalmır. 

Çağdaş dünyanın böyük, aparıcı dövlətlərinin liderlə­ri, bir çox nüfuzlu beynəlxalq qurumlar Rusiya-Ukrayna mü­haribəsinin bitməsi, tərəflərin sülh danışıqlarına başlaması üçün dəfələrlə səylər gösrə­riblər və bu istiqamətdə təşəb­büslər bu gün də davam edir. İlk baxışda hər şey möcvud siyasi hüquq, bəşəri normalar çərçivəsində baş verir. Amma ortada real nəticə, yəni atəşkəs yoxdur. 

Müharibəni dayandırmaq üçün qətiyyətli addımlar la­zımdır. Belə ki, real iş görmək gücündə olan və bunu etməyə borclu olan dövlətlər və onla­rın rəhbərləri əslində daha çox sülh imitasiyası ilə məşğul­durlar. Onlar üzərlərinə düşən məsuliyyətdən min bir bəhanə ilə yaxalarını kənara çəkməyə çalışırlar. Acı reallıq budur ki, hazırda ABŞ, Fransa, Alma­niya və digər böyük güclərin müharibəni dayandırmaq niy­yətləri yoxdur. Rusiya-Ukray­na savaşının qurbanlarının acı taleyi onları heç maraqlandır­mır da! 

Məsələn, Almaniya Kans­leri Olaf Şolts bu ölkədəki Saarbrüken şəhərində vətən­daşlarla görüşü zamanı deyib: “Mən Ukraynaya əsgər gön­dərməyəcəyəm, alman pilot­ları və qırıcıları ilə birlikdə Rusiya təyyarələrini və raket­lərini vurmayacağam”. Alma­niya hökumətinin başçısı sonra deyib ki, onun ölkəsi Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq heç bir iş gör­məyəcək. Və silahların Rusiya ərazisinə nüfuz etməsinə icazə verməyəcək!

Almaniya Kanslerini başa düşmək olar. XX əsrdə Avro­pada iki cahan müharibəsi olub və hər ikisində də almanlar bö­yük itkilər verərək kapitulya­siya aktına imza atmağa vadar olublar. Bəzi siyasətçilər hətta iddia edirlər ki, Rusiya-Uk­rayna müharibəsini təşviq et­məkdə anqlosaksların, eləcə də Fransanın məqsədi son illər iq­tisadi cəhətdən çox güclənən, qitənin “iqtisadi lokomotivi”nə çevrilən Almaniyanı yenidən müharibə teatrına sürükləmək­dir. Görünür, Berlində bunun fərqindədirlər və bu dəfə çox ehtiyatlı davranırlar. 

Almaniya ABŞ-dən son­ra Fransaya ən çox maliyyə dəstəyi göstərən dövlətdir. Bu vaxtadək rəsmi Berlin Kiyevə 28 milyarddan çox müxtəlif təyinatlı yardımlar göstərib. Özünü Ukraynanın “birinci xeyirxahı” kimi təqdim edən Fransa isə Ukraynaya ən çox yardım göstərən dövlətlərin siyahısında yalnız 16-cı yer­dədir. Qərb mediası isə Yelisey sarayını Kiyevin ən yaxın dost­larından biri kimi təqdim edir. Faktlar isə başqa şey deyir! 

Rusiya-Ukrayna müha­ribəsindən ən çox qazanan faktiki olaraq ABŞ dövlətidir. Ağ ev bir tərəfdən Rusiya­nı zəiflətmək, o biri tərəfdən Avropanı özündən hərbi və siyasi cəhətdən asılı vəziyyətə salmağa çalışır və sözügedən savaş vasitəsilə buna artıq nail olur. Müharibə yaxın gələcək­də ABŞ-yə meydan oxumağa cəhd edən Çinə də sərf edir. Pekin xeyli müddətdir ki, Ru­siyanın enerji məhsullarını “su qiyməti”nə alır və son vaxtlar yavaşımaqda olan iqtisadi artı­mını bu yolla sürətləndirməyə cəhd edir. . 

Birmənalı şəkildə demək olar ki, müharibə Rusiya və Ukrayna xalqlarına, bu iki ölkənin sadə, fədakar insanla­rına heç cür sərf etmir. Hər bir xalq kimi, bu iki qonşu ölkənin sadə və fədakar insanlarına sülh və əmin-amanlıq lazımdır. Adi insanların taleyi isə vaxtilə bu savaşı körükləyən böyük dövlətlərin vecinə deyil. Acı və ürəkağrıdıcı reallıq məhz budur. 

Böyük Azərbaycan şairi, daramaturq və mütəfəkkiri Hü­seyn Cavid haqlı olaraq deyirdi ki, “kəssə hər kim, tökülən qan izini, qurtaran dahi odur yer üzünü!” Görəsən, Rusiya və Ukrayna xalqlarını bu ağır bə­ladan xilas edən tapılacaqmı?! Kaş tapılaydı! 

Məsaim ABDULLAYEV
XQ

Dünya