Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də Kiyevdə səlahiyyət müddəti mayın 20-də başa çatmış Ukrayna lideri Vladimir Zelenski ilə görüşündən sonra bildirib ki, Macarıstan Ukraynanı münaqişənin həlli üzrə Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib. Məlumatı “İzvestiya.ru” verib.
“Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş etdik. Biz keçmişin mübahisələrini arxada qoymağa çalışırıq”, – Orban deyib.
Onun fikrincə, atəşkəs Rusiya ilə danışıqları sürətləndirməyə kömək edə bilər.
Nəşr əlavə edib ki, Macarıstan da Ukrayna ilə münasibətləri yaxşılaşdırmaq və onunla qlobal əməkdaşlıq haqqında saziş imzalamaq arzusunda olduğunu bildirib.
Bir gün əvvəl, iyulun 1-də Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Politologiya kafedrasının dosenti Aleksandr Konkov bildirib ki, Macarıstan Ukraynada vəziyyətin gərginləşməsinin qarşısını almağa və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə çalışacaq.
Macarıstan dəfələrlə Ukrayna böhranının həllinin vacibliyindən danışıb. İyunun 16-da bu ölkənin xarici işlər naziri Peter Siyarto İsveçrədə Ukrayna üzrə sammitin iclaslarından birində çıxış edərək, ölkənin Aİ, Kiyev və Moskva arasında ünsiyyətdə vasitəçilik etməyə hazır olduğunu qeyd edib. Orban özü qeyd edib ki, Aİ rəhbərliyi istəsə, Ukraynadakı münaqişəni bir günə dayandıra bilər, lakin Rusiya ilə toqquşma istəyir və ona doğru gedir.
P.ƏMİRCANOV
XQ