Mahmud Əhmədinejad İran prezidentliyinə namizəd oldu

post-img

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Məlumatı “Anadolu” verib. 

Siyasətçi 2005-2013-cü illərdə İran prezidenti vəzifəsində çalışıb. 2017 və 2021-ci il seçkilərində Əhmədinejadın namizədliyi Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən rədd edilib.

İslam Respublikasında yeni prezident seçkiləri iyunun 28-nə təyin edilib.

Əgər onun namizədliyi təsdiq olunarsa, Mahmud Əhmədinejad prezidentliyə əsas namizədlərdən birinə çevriləcək.

Sənədləri təqdim etdikdən sonra keçirilən brifinqdə Əhmədinejad yoxsulluğa qarşı mübarizəni və əhalinin rifahının yaxşılaşdırılmasını özünün prioritet istiqamətlərindən biri adlandırıb: “İnanıram ki, ölkənin bütün problemləri xalqın rəyi nəzərə alınmaqla və dünya ilə konstruktiv qarşılıqlı əlaqə nəticəsində həll oluna bilər”.

İranda növbədənkənar seçkilər prezident İbrahim Rəisinin mayın 19-da təyyarə qəzasında həlak olmasından sonra təyin edilib.

 

P.ƏMİRCANOV

XQ

Dünya