1931-ci ildə Parisdə Fransanın ələ keçirdiyi ərazilərdə metropolun “sivilizasiya missiyasını” vurğulamaq üçün hazırlanmış Beynəlxalq Müstəmləkə Sərgisi keçirilmişdi. Fransızlar elə düşünürdülər ki, müstəmləkəçilik özündə böyük missiya daşıyır və koloniyalarda yaşayanları “sivilləşdirir”. Hələ 1874-cü ildə fransız iqtisadçısı P. Lerua-Bolye “Müasir xalqların müstəmləkəçiliyi haqqında” kitabında bu ideologiyanın nəzəri əsasını vermişdi. Dövrünün məşhur alimi sayılan fransız müəllif yazırdı: “Müstəmləkəçilik bir xalqın ekspansiv (genişlənmə) və reproduktiv (fiziki, mənəvi və sosial rifah vəziyyətidir -red.) gücüdür, onun məkanda yayılması və çoxalmasıdır... Müstəmləkəçi xalq gələcəkdə böyüklüyünün və üstünlüyünün təməlini qoyan bir xalqdır”. P. Lerua-Bolye haqlıdır, fransızlar müstəmləkə siyasəti sayəsində gələcək inkişaflarının əsasını qoydular, bugünkü Fransanın güclənməsi üçün digər xalqların təbii ehtiyatlarını talan edərək metropola daşıdılar. Dünyaya ilk insan hüquqları bəyannaməsini bəxş etmələri ilə lovğalanan fransızlar yeni əsrimizdə də babalarının müstəmləkəçilik siyasətini davam etdirməyə çalışırlar.
Ümumiyyətlə, Fransanın işgüzar dairələri müstəmləkəçiliyə daha utilitar şəkildə yanaşırlar. Onları ilk növbədə, sənayenin inkişafına və investisiyaların toplanmasına imkan verən ucuz xammal mənbələri kimi xarici ərazilər maraqlandırırdı. Fransızlar düşünürdülər ki, imperiyanın tərkibində olan ərazilər əsasən metropoliyanın ehtiyac duyduğu məhsulu istehsal etməli idi. Təbii ki, müstəmləkələrin belə amansız istismarı sistemi dayanıqlı deyildi və imperiyanın dağılmasının ilk əlamətləri ABŞ-da “Böyük Depressiya”nın yaratdığı 1929-cu il qlobal iqtisadi böhran zamanı artıq özünü göstərdi. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Fransa Suriyanın, Livanın və Vyetnamın müstəqilliyini tanımaq məcburiyyətində qaldı. Sonra Fransa Laosun, Kambocanın, Tunis və Mərakeşin, Qvineyanın, Afrika qitəsinin on üç respublikasının, Əlcəzairin, Komor adalarının, Cibutinin və Vanuatunun müstəqilliyini tanımalı oldu. Hazırda keçmiş metropola xaricdəki departamentlər və ərazilər kimi Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Sen-Pyer və Mikelon, Sen-Martin və Sen-Bartelemi, Fransanın Cənubi və Antarktika torpaqları daxildir.
Sakit okeanda yerləşən və Fransanın xüsusi inzibati-ərazi qurumu statusuna malik Yeni Kaledoniya Fransadan ayrılmaq istəyir. Əlbəttə, Yeni Kaledoniyanın müstəqilliyi uğrunda hərəkatı yeni yaranmayıb, o yarım əsrdən çoxdur ki, mövcuddur. Adanın Fransadan ayrılması uğrunda mübarizə aparan Kanak təşkilatları hələ 1960–1970-ci illərdə Okeaniyadakı digər ölkələrin, məsələn, Nauru, Papua Yeni Qvineya, Solomon adaları və başqalarının müstəqillik elan etməsi fonunda yaranmağa başlamışdı. 1984-cü ildə Fransanın dövlət katibi Jorj Lemuan tərəfindən təklif olunan xarici ərazilərin statusundan narazılığını ifadə edən Kanak Sosialist Milli Azadlıq Cəbhəsi yerli seçkiləri boykot etmişdi. Hərəkatın tərəfdarları yolları bağlayaraq inqilabçı Jan-Mari Tjibaunun başçılığı ilə müvəqqəti regional hökumətin yaradıldığını elan etmişdilər. Qarşıdurma vətəndaş müharibəsinə çevrilmişdi. 1985-ci ilin yanvar-iyun aylarında isə Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunmuşdu.
Ancaq adada müstəqillik uğrunda mübarizə səngiməmişdi. 1988-ci ildə Uvea adasında Kanaklar 4 jandarmı öldürmüş və 27 nəfəri girov götürmüşdülər. Onlar Yeni Kaledoniyaya dərhal müstəqillik verilməsini tələb etmişdilər. Fransa hökuməti danışıqlardan imtina edərək, onlara qarşı hərbi əməliyyat keçirmişdi. Girovlar xilas edilmiş, 19 nəfər Kanak isə yerindəcə qətlə yetirilmişdi. Həbs olunmuş daha üç nəfər sonradan türmədə ölmüşdü. 26 iyun 1988-ci ildə Fransanın baş naziri Mişel Rokar və Jan-Mari Tjibau Matinyon sazişini imzalamışdılar. Saziş adaya müəyyən sakitlik gətirsə də, yerli əhalinin müstəqillik arzusuna son qoya bilməmişdi.
1998-ci ildə Numea adlanan yeni müqavilə imzalanmışdı. Bu müqaviləyə əsasən, yalnız bu sənədin bağlandığı vaxt seçicilər siyahısına daxil edilmiş vətəndaşlar və onların övladları səsvermə hüququna malikdir. Bu, 15 may 2023-cü ilə qədər belə idi. İndi arxipelaqda on ildən artıq yaşayan hər kəsin səsvermə hüququ var. Bu, “Fransa siyasi sisteminə daha çox inteqrasiyanın” zəruriliyi ilə izah edilir. Əslində, Fransa hakimiyyəti üç müstəqillik referendumundan və son vaxtlar güclənən etiraz əhval-ruhiyyəsindən qorxur. Paris Kaledoniya və digər dənizaşırı əraziləri əldən vermək fikrində deyil. Beşinci respublikanın hərbi bazaları arxipelaqın perspektivli bölgələrində yerləşir və mütəxəssislər ərazinin əhəmiyyətinin getdikcə artacağını düşünürlər. Buna görə də, Paris Kanakların səs çoxluğu əldə etmək cəhdlərinin qarşısını almaq üçün belə bir addım atmaq istəyir. Əgər indi yerli qanunverici orqanda müstəqilliyin tərəfdarları ilə əleyhdarları arasında faktiki olaraq paritet mövcuddursa, o zaman “dondurulmuş elektoratın” seçici siyahılarına daxil edilməsi Kanakları referendumda qalib gəlmək perspektivindən məhrum etməklə yanaşı, onları yerli hakimiyyət orqanlarında təmsil olunma şanslarını azaldacaq.
Eyni zamanda, əlverişli coğrafi ərazidə yerləşən Yeni Kaledoniya təbii resurslar baxımından da Paris üçün əhəmiyyətlidir. Bundan əlavə, ada elektronika istehsalı üçün vacib xammal olan nikelin dünya ehtiyatlarının dörddə biri yerləşir. Yeni Kaledoniyada, həmçinin xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun və mis filizlərinin yataqları var. Buna görə də, adanın sakinlərinin müstəqillik istəmələri Parisin daha sərt reaksiyası ilə qarşılaşır.
Ümumiyyətlə, yerli əhalinin sayınnı nəzarətdə saxlanılması bütün imperiyalara xas xüsusiyyətdir. Bu məsələdə Fransa da istisna deyil, Paris uzun il ərzində Yeni Kaledoniyada aborogen xalqın sayının artmasına nəzarət edib. Hazırda Kanakların sayı ada sakinlərinin 40 faizinə bərabərdir. Halbuki ötən əsrin ortalarında aborigen əhalinin sayı daha çox idi. Kanakların sayının artmasından əndişələnən Paris Yeni Kaledoniyaya əcnəbiləri, xüsusilə də ağdərililəri köçürməyə başladılar. Son siyahıyaalınmanın nəticəsi göstərir ki, fransızlar məqsədlərinə nail olublar. Yerli xalq etnik azlığa çevrilib. Fransa işğalını davam etdirmək üçün Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişdirmək istəyir. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Qeyd edək ki, Fransanın müstəmləkə ölkələri ilə yaratdığı münasibətlər sistemi Avropa İttifaqı tərəfindən formal olaraq pislənsə də, onun transformasiyası üçün real addımlar atmır.
Belə bir reallıqlarda 270 min nəfərin yaşadığı Yeni Kaledoniya Fransanın imperialist niyyətinin girovuna çevrilib və müstəqillik tərəfdarları Parisin yeni qərarına qarşı çıxır. Artıq beş gündür adada Fransa hərbçiləri Kanaklara qarşı əməliyyat keçirir. Yerli əhalinin haqlı tələblərini dinləməyən Fransa adaya qoşun yeridərək neokolonializm siyasətini davam etdirir. Bu iğtişaşlar, əlbəttə ki, Fransanın neokolonial siyasətinin uğursuzluğunu bir daha təsdiqləyir. Halbuki Paris pasport verdiyi Kanaklara qarşı daha tolerant davranıç nümayiş etdirə bilərdi. Ancaq Makron hökuməti zor yolunu tutdu, ədalətsiz qərarlara qarşı etiraz səsini ucaldan aborigen xalqın üzərinə qoşun göndərdi. 2024-cü ildə Yeni Kaledoniyada silahsız insanları ordu ilə əzən Fransa bunu konstitusiya quruluşunun bərpası adlandırır. Təbii ki, belə “münasibət” Fransanın digər dənizaşırı ərazilərində də mənfi reaksiya doğurur.
Belə uğursiz siyasət fonunda Makron hökuməti Azərbaycanı günahlandırır. Ötən sayımızda rəsmi Bakının Fransanın daxili işlər naziri Jerald Darmananın səsləndirdiyi ittihamlara verdiyi tutarlı cavab barədə məlumat vermişdik. Azərbaycan Qoşulmama hərəkatının fəal üzvü və lideri olaraq Fransanın neoimperial və kolonial siyasətinə qarşı çıxır. Paris yersiz ittihamlarını dayandırmalı və ölkəmiz haqqında reallıqdan uzaq səsləndirməməlidir. Əks təqdirdə, Parisin nu məsuliyyətsiz davranışları Azərbaycan–Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq.
S.ELAY
XQ