Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair, "Ulduz" jurnalının poeziya şöbəsinin müdiri Dayandur Sevginin 65 illik yubileyi qeyd edilib. Mərasimdə şairin “Dərdi şairindi bu yer üzünün” kitabı təqdim olunub.
...Sanki, dünən idi. Qələm dostumun “Xoş gəldin, 55 yaşım” adlı kitabı elə Natəvan klubunda müzakirə edilirdi. Xalq şairi, indi artıq Allah rəhmətinə qovuşmuş Fukrət Qoca gənclik ruhlu şeirləri bəyəndiyini, “qoşa beş”li Dayandurun hələ qocalıq dövründən xeyli uzaq olduğunu dedi. Artıq o, ömrünün 65-inə çatıb. Yox, indi də qoca deyil, sadəcə, saçına ötən illərin dəni düşüb. Xəyallarındakı qızın qayıdıb gələcəyinə hələ də dəli bir inamı var:
Yolun gözlədiyim baharım, yazım
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın
Eşqi bir üzüyün qaşından keçir.
“Ön söz”də də yazıldığı kimi, Dayandurun şeirlərinin şöləsində onun qəmi, kədəri major notda sevincə, qürura çevrilir. Bu sevinc şairə oxucu sevgisinə dönür, Zəfər bayrağı kimi zirvələrdə dalğalanır, ulu Tanrı ilə həsb-hal minacatı olur.
Dayanduru şair kimi xarakterizə etmək üçün onun “Əl ağacı” şeirinin ikicə misrası bəs edir:
Əl ağacı demə, xətrimə dəydi,
İgidin əlində ər ağacıdı...
Mərasimi açan AYB-nin katibi, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli yubilyar haqqında özəl fikirlərini bölüşüb. O qeyd edib ki, qələm dostunun insani keyfiyyətləri onun poeziyasına birbaşa təsir edir.
AYB-nin sədri, Xalq yazıçısı Anar Dayandur Sevginin uzun illərdən bəri ədəbiyyata sədaqətlə xidmət göstərməsindən söhbət açaraq bildirib ki, Dayandurun qələmindən çıxan poeziya nümunələri də diqqətəlayiqdir, hər kəsi təəccübləndirmək gücündədir.
Tədbirin aparıcısı şair İbrahim İlyaslı yubilyara təbriklərini çatdırıb və şair-şəxsiyyət kimi üstün cəhətlərini diqqəti cəlb edib. AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu həmkarının zəhməti ilə qurumun fəaliyyətində özünəməxsus rol oynadığını deyib, eyni zamanda, onun şeirlərindəki fərqli enerjidən bəhs edib.
Əvvəl adi insan üçün yer oldu,
Özü boyda sehr oldu, sirr oldu.
Alın tərim səpələndi, dürr oldu,
Nəyi varsa, mənə verdi bu torpaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini, yazıçı Səyyad Aran, kitabın “Ön söz” müəllifi, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, şairlər Ağacəfər Həsənli, Zahid Xəlil, ədəbiyyatşünas Əsəd Cahangir və başqaları yubilyarın müxtəlif mövzularda qələmə aldığı şeirlərin bədii məziyyətləri barədə fikirlərini bölüşüb, poeziyasının dil-üslub xüsusiyyətlərindən, vətənpərvərlik ruhundan bəhs edib, ona ən xoş arzularını çatdırıblar.
Yüksək dəyərə görə mərasimin təşkilatçılarına və natiqlərə minnətdarlığını bildirən Dayandur Sevgin sonra yeni kitabının nüsxələrini avtoqrafla oxucularına təqdim edib...
“Dərdi şairindi bu yer üzünün” toplusunu oxuduqca, həqiqətən də yetkin bir şairin könül dünyasına “səyahət” edirsən. Dayandur Sevginin yaradıcılıq hesabatı olan bu kitab şairin poetik söz yağmurunun əsrarəngiz göyqurşağına bənzəyir. Buna qədər “Boyuma biçildi dərd”, “Mən bilmirəm ayrılmağın yolunu”, “Əllidən o yana yollar yoxuşdur”, “İkinci addım” kimi kitabları ilə oxucu rəğbəti qazanmış şairin indi artıq daha peşəkar və müdrik bir müəllif olduğu qənaətin güclənir. Əsas odur ki, ötən əsrin 80-ci illərində ədəbiyyata gəlmiş Dayandurun şeir adına nəyi varsa, özünə aiddir, özününküdür. Yeni topluda ipə-sapa düzülmüş poetik duyğular buna sübutdur.
Dayandur şeirlərindən birində deyir:
Vurur, sinəmizdə döyünür ürək,
Axır alnımızdan zəhmətin təri.
Saat əqrəbləri iti dəryaztək
Biçir ayı, günü, biçir illəri.
Bundan sonrakı ayların, illərin daha xoş keçsin, qardaş!
Əli NƏCƏFXANLI
XQ