Gənc bəstəkarların sənət hesabatı

post-img

Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli Konsert salonunda Gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenumun açılış mərasimi keçirilib. 

“Azərbaycan Bəstəkarlar İttifaqı – 90” tədbirləri çərçivəsində təşkil olunan ple­numun ilk günü gənc bəstəkarların ka­mera musiqisindən ibarət əsərlərinə həsr olunub.

Yaradıcılıq ittifaqının sədri, Xalq ar­tisti, professor Firəngiz Əlizadə açılış mərasimində qeyd edib ki, 2007-ci ildən etibarən gənclərin musiqi yaradıcılığına həsr olunmuş 9 plenum keçirilib. Eyni zamanda, onların əsərlərindən ibarət konsertlər və inkişafa xidmət edən digər tədbirlər təşkil olunub. Gənc bəstəkarla­ra təqaüdlərin, mükafatların verilməsi də milli incəsənətimizin sabahına ittifaqın göstərdiyi qayğı və diqqət baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra gənc bəstəkarların əsərləri ifa olunub. Proqrama İlahə Qismət-Abdulla­nın, Sevinc Əliyeva-Qəmbərovanın, Vəfa Bağırzadənin, Fərid Fətullayevin, Tural Məmmədlinin pyes, romans, sonata və kamera-instrumental musiqiləri daxil idi. İfaları tamaşaçılar rəğbətlə qarşılayıblar.

Üç gün davam edən plenumun növ­bəti günlərində “Gənc bəstəkarların yaradıcılığı” mövzusunda gənc musiqi­şünasların çıxışlarından ibarət elmi kon­frans (Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonu) və gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert (M.Maqomayev adına Azərbaycan Döv­lət Akademik Filarmoniyası) olub.

Mayın 20-də isə plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqın­da “Dəyirmi masa” müzakirələri keçirilə­cək.

XQ

Mədəniyyət