Almaniya Qazaxıstana investisiyalarda maraqlıdır

post-img

Almaniyanın ötən il Qazaxıstana birbaşa investisiyalarının həcmi 712 milyon avro təşkil edib. 2022-ci illə müqayisədə bu rəqəm 64 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafındakı müsbət tendensiyaları, eləcə də Almaniya şirkətlərinin Qazaxıstanda mövcudluğunu genişləndirməyə artan marağını xüsusi vurğulayıb.

Öz növbəsində, Şərq Komitəsinin sədri Katrina Klaas-Mühlhauser Almaniya iqtisadiyyatının məqsədlərinə çatmaqda mühüm tərəfdaş kimi Mərkəzi Asiya respublikasının əhəmiyyətli potensialını qeyd edib. Almaniya tədarük zəncirinin və istehsalın davamlılığını artırmaq üçün xarici ticarət əlaqələrini şaxələndiriri.

Almaniya İqtisadiyyatının Şərq Komitəsi Şərqi Avropa və postsovet ölkələrinin bazarlarında fəaliyyət göstərən alman şirkətlərinin maraqlarını təmsil edir. Assosiasiyanın məqsədi Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın 29 ölkəsində alman biznesini təşviq etməkdir. Təşkilatın saytında qeyd edildiyi kimi, o, öz üzvlərinə layihələrin həyata keçirilməsində, əlaqələrin qurulmasında və müəyyən bir regionda bazara daxil olma ilə bağlı məsələlərin həllində köməklik göstərir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya