Makron fransız əsgərlərin həyatı ilə oynayır

post-img

“Fransa prezidenti Emmanuel Makron eqosu və imicini yaxşılaşdırmaq üçün Ukraynaya qoşun göndərmək məsələsini gündəmə gətirib”. Bunu Fransanın ifrat sağçı Milli Birlik (Milli Cəbhə) Partiyasının lideri Marin Le Pen deyib. Onun sözlərinə görə, müharibə bir ölkənin, onun xalqının başına gələ biləcək ən pis şeydir: “Emmanuel Makronun Ukraynaya qoşun yeritmək mövzusuna tez-tez toxunmasına heyranam. Mən deyirəm ki, biz əsgərlərimizin həyatı ilə oynamamalıyıq".

Bundan əvvəl Makron “Economist” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyası cəbhə xəttini yardıqda Ukrayna çətinliklə qarşılaşacaq. Əgər Kiyevdən  kömək üçün müraciət daxil olarsa, Ukraynaya qoşun yeridilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, “bir çox Aİ ölkələri” Fransanın mövqeyi ilə razılaşıb. 

Makronun bu açıqlaması Le Peni narahat edib. O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə “Fransa müharibəsi” deyil. O, Rusiyanın “yoxa çıxmayacağına” və dünyanın “xəritəsindən silinməyəcəyinə” diqqət çəkib: “Bunu nəzərə almaq lazımdır. Ukraynadakı münaqişə Fransanın müharibəsi deyil”.

 O, daha sonra bildirib ki, Ukraynanın Avropa İttifaqı və NATO-ya qəbul edilməsinin əleyhinədir. Bu kontekstdə Le Pen qeyd edib ki, Fransa prezidentinin nüvə potensialını Aİ ölkələri ilə bölüşməyə hazır olması ilə bağlı bəyanatlarının qəti əleyhinədir. 

Fransanın Ukraynaya qoşun yeritmək niyyəti Moskvanı narahat edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastien Lekorne ilə telefon danışığında Fransa qoşunlarının Ukraynaya göndərilməsinin Parisin özü üçün problem yaradacağını bildirib. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur. 

P.ƏFƏNDİYEV 
XQ

 

Dünya