ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

post-img

ViaVoice İnstitutu “Radio France”, “France Televisons” və “France Medias Monde” üçün Avropa seçkiləri ilə bağlı sosial sorğu aparıb.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə fransızların 49 faizi iyunun 9-da keçiriləcək Avropa seçkilərində maraqlı olduğunu, 48 faizi isə bunun əksini düşündüyünü bildirib. Əsasən 60 yaşdan yuxarı fransızlar Avropa seçkiləri ilə maraqlandıqlarını qeyd ediblər. Gənclərin isə buna o qədər də maraq göstərmədiyi məlum olub.

ViaVoice, həmçinin fransızları Avropa seçkiləri kontekstində “prioritet hesab edilən məsələlərlə” bağlı da sorğulayıb. Verilən cavablara əsəsən, respondentlərin 49 faizi üçün birinci yerdə iqtisadiyyat durur. İkinci yerdə 44 faiz ilə immiqrasiya məsələsi gəlir. Ümumilikdə, əsas məsələlər arasında ətraf mühit (38 faiz), müdafiə (36 faiz), kənd təsərrüfatı (33 faiz) və enerji (32 faiz) yer alıb. Respondentlərin 28 faizi Ukrayna müharibəsinə toxunub.

Sorğu Avropa iqtisadiyyatı ilə bağlı bədbinliklə yadda qalır: fransızların 64 faizi iqtisadiyyatın yaxın aylarda pisləşəcəyinə inandığını deyib, 35 faiz isə bu vəziyyətin əhəmiyyətli dərəcədə pisləşəcəyini düşünür.

Respondentlərin 55 faizi hesab edir ki, yaxın aylarda Avropa İttifaqının beynəlxalq aləmdə yeri də pisləşəcək.

Dünya