Bu gün Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirildi.
"Azərbaycan gənclərinin inkişaf hərəkatı" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə kollec rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, millət vəkilləri və ictiamiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov bildirdi ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib. O, Heydər Əliyevin mənalı ömür yolundan, milli musiqi sənətinə vermiş olduğu dəyərdən, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə musiqiçilərə fəxri adların, orden və medalların, mükafatların verilməsi, onların adlarının əbədiləşdirilməsi sahəsindəki fəaliyyətindən də söz açdı.
Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında dedi ki, Ümummilli liderin müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycanın çoxmədəniyyətlilik ənənəsi bu gün də yaşayır və inkişaf etdirilir. Dahi öndərin milli mədəniyyətimizin, musiqinin inkişafında xidmətləri ölçüyəgəlməzdir.
Deputat Aydın Mirzəzadə mərhum dahi liderin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq qeyd etdi ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir: “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib”.
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, şəhid atası Əli Nur vurğuladı ki, Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soykökə qayıdışı təmin edib, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.
Sonda çıxış edən “Azərbaycan gənclərinin inkişaf hərəkatı” İctimai Birliyinin sədri Miri Mirəliyev çıxış edənlərə və iştirakçılara təşəkkürünü bildirdi və belə tədbirlərin davamlı olacağını diqqətə çatdırdı.
Tədbirin bədii hissəsi musiqi nömrələrilə davam etdi.
Rizvan FİKRƏTOĞLU
XQ