Fransa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı məlumatı yoxlamaq lazımdır. Yəqin ki, Rusiya xüsusi xidmət orqanları və Müdafiə Nazirliyi bunu artıq həyata keçirir. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “İnterfaks.ru” verib.
Ondan “Asia Times”da ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi Stiven Brayan tərəfindən Fransa Xarici Legionunun yüzə yaxın əsgərinin artıq Ukraynaya göndərildiyi barədəki informasiyanı şərh etməyi xahiş ediblər: “Burada əvvəlcə bu məlumatın nə dərəcədə doğru olduğunu başa düşməlisiniz, şübhəsiz ki, bizim ordumuz və digər xüsusi xidmət orqanları bu məlumatları yoxlayırlar”, - Peskov bildirib.
O, əlavə edib: “Siz və mən bu yaxınlarda Fransa prezidenti və Böyük Britaniya xarici işlər nazirinin təşəbbüsü ilə görünməmiş yeni bir gərginliyin şahidi olduq”.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri David Cemeron mayın əvvəlində “Reuters” agentliyinə bildirib ki, Kiyevin Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün Britaniya silahlarından istifadə etmək hüququ var. Fransa prezidenti Emmanuel Makron isə bir neçə dəfə deyib ki, o, Fransa ordusunun Ukraynaya göndərilməsini istisna etmir.
P.ƏMİRCANOV
XQ