ABŞ Prezidenti Co Bayden Misir və Qətər liderlərini Qəzza zolağında atəşkəsə nail olmaq və məhbusları azad etmək üçün HƏMAS üzərindəki təsirlərindən istifadə etməyə çağırıb. Məlumatı “Anadolu” verib.
Ağ Evin mətbuat xidməti Baydenin Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamal əl-Sani ilə ayrı-ayrılıqda telefon danışığı apardığını bildirib. Söhbət zamanı Bayden Misir və Qətər liderləri ilə hazırda iki ölkənin iştirakı ilə masada olan atəşkəs danışıqları prosesini tam müzakirə edib. Amerika lideri bu məsələdə göstərdikləri səylərə görə həmsöhbətlərinə təşəkkür edib.
Baydenin sözlərinə görə, HƏMAS danışıqlar masasında olan atəşkəs təklifini qəbul edərsə, Qəzza zolağında atəşkəs təmin olunacaq, bölgəyə humanitar yardımlar gələcək və israilli məhbuslar azad ediləcək.
Aprelin 26-da Fələstinin Həmas hərəkatına Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan atəşkəs razılaşması və qarşılıqlı əsir mübadiləsi ilə bağlı yeni təklif təqdim edilib. HƏMAS bu təklif üzərində işlədiyini və tezliklə öz cavabını verəcəyini bildirib.
Misir mətbuatı HƏMAS nümayəndə heyətinin atəşkəs razılaşmasının bağlanması prosesi ilə bağlı Qahirəni tərk etdiyini yazıb və Misirin Qəzza zolağında atəşkəs təklifinə yazılı cavab verəcəklərini qeyd edib.
P.ƏMİRCANOV
XQ