Aİ-nin xarici əlaqələr üzrə ali nümayəndəsi Cozep Borrell Avropa siyasətində müdafiə sektoruna diqqətin artırılması və hərbi xərclərin ÜDM-in 2 faizdən də çox artırılmasının zəruriliyini bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.
“Biz öz üzərimizdə strateji məsuliyyət daşımalı və NATO daxilində güclü Avropa dayağı yaradaraq Avropanı təkbaşına müdafiə etmək iqtidarında olmalıyıq. Və biz bu sıçrayışı çox qısa müddətdə irəliyə aparmalıyıq. Ona görə yox ki, döyüşəcəyik, əksinə, biz hər hansı bir təcavüzkarın qarşısını almaq üçün vasitələrə malik olaraq bunun qarşısını almaq istəyirik”, - o bildirib.
Onun sözlərinə görə, bu, Avropa ordusunun yaradılmasının yaxın gələcəkdə üzv dövlətlərin müstəsna səlahiyyətində qalacağı anlamına gəlmir. Borrell qeyd edib ki, ilk növbədə, söhbət milli səviyyədə müdafiə xərclərinin artırılmasından gedir.
“Biz 2023-cü ildə ÜDM-in orta hesabla 1,7 faizini müdafiəyə xərcləmişik, bu rəqəm 2 faizdən yuxarı qalxacaq. Amma daha əhəmiyyətlisi, boşluqları doldurmaq, təkrarlanmadan qaçmaq və qarşılıqlı əlaqəni yaxşılaşdırmaq üçün paylaşılan xərclərdən ibarət olacaq. Hazırda texnika alışlarının yalnız 18 faizi bizim ordular tərəfindən birgə alınır. Amma 2007-ci ildə biz bunu 35 faiz səviyyəsində müəyyən etmişdik”, - Borrell yazıb.
P.ƏMİRCANOV
XQ