Yaxud, III Dünya müharibəsi astanasında
Müasir dünyanın siyası və iqtisadi reallıqları dəyişir. Dəyişən dünya günbəbəgün III Dünya müharibəsi astanasına yaxınlaşır. Hansısa iqtisadi və komunnikativ qlobalizasiya prosesləri yalnız bu mərhələnin preambulasını ləngidir. Hal-hazırda regional təsirlər və itkilərin artırılmasına cəhdlər güclənir. Bələ də demək mümkündür ki, III Dünya müharibəsi regional qarşıdurmalar zəminində başlanacaq və başlanmaqdadır. Cənubi Qafqaz tarixən böyük geopolitik önəmə malik region kimi diqqəti cəlb edib. SSRİ-nin dağıldığı dönəmdə Rusiyanın təsir dairəsindən xeyli çıxan bölgəyə digər regional və qlobal aktorların marağı artdı. Tədricən ABŞ və Avropanın timsalında Qərb Qafqazda möhkəmlənməyə cəhd göstərirdi. Rusiyadan fərqli olaraq Qərbin təkcə sərt gücə söykənməyən yayılma siyasəti mədəni və sosial-iqtisadi xarakter daşıdığı üçün yenicə müstəqillik qazanmış region ölkələrinə ilkin dövrdə dəstək göstərilməsindən tutmuş, münaqişələrin həllində vasitəçilik xidmətlərinin göstərilməsinə qədər geniş spektri əhatə edən böyük vədlər paketini özündə birləşdirirdi.
Ənənəvi güclər olan Türkiyə və İranın da regionda siyasi maraqları ideoloji baxımdan müxtəlifdir. Türkiyəni Cənubi Qafqazda əsas güc mərkəzi olan Azərbaycanla siyasi-mədəni-ideoloji əlaqələr bağlayır. Qeyd etmək lazımdır ki, Qərb daim Gürcüstanı, İran və Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı bölgədəki təbii müttəfiqi hesab edib. Təbii ki, adıçəkilən siyasi mərkəzlər regiondakı digər ölkələrlə müəyyən münasibətlər qurub. Lakin tarixi-mədəni və geopolitik baxımdan təsnifat yuxarıda qeyd olunan kimidir. Son illər güclənən və ayrıca qlobal güc qütbünə çevrilmək niyyətində olan Çinin də regiona marağı artmaqdadır.
Çin həm Azərbaycanla, həm də Ermənistan və Gürcüstanla əlaqələrini inkişaf etdirməyə can ataraq Qafqazda maraqlarını təmin edə biləcək tək "yumşaq resurs"u olan iqtisadi amil üzərindən dayaq formalaşdırmağa çalışır. Tarixi-mədəni kontekstdə Qafqazla bağları o qədər güclü olmayan mərkəz olaraq, Pekinin bu strategiyası ağlabatandır. Son illər elm və təhsil kimi humanitar sferalarda da Çinin bölgədə əlaqələr formalaşdırmağa çalışması müşahidə olunur. Həmçinin, Böyük İpək Yolunun Ermənistandan keçəcək hissəsi rəsmi Pekin üçün maraqlıdır.
Qlobal və regional güclərin Qafqazda təsir dairəsini genişləndirmək və bölgədə möhkəmlənmək imkanlarına nəzər yetirək: Qarabağ məsələsi üzərindən.
Rusiyanın yanaşmasını gözdən keçirdikdə, aydın olur ki, uzun müddət Moskva Qarabağ məsələsindən regionda mövcudluğunu qorumaq, Çar Rusiyası dövründən əlində saxladığı - Osmanlı və İranla apardığı müharibələrdə qan tökərək əldə etdiyi, Gülüstan və Türkmənçay müqavilələri ilə rəsmiləşdirdiyi - mövqelərini rəqiblərinə güzəştə getməmək xəttini yürüdürdü.
II Qarabağ müharibəsindən sonra bölgəyə sülhməramlı hərbi kontingentini yerləşdirən Moskva Qərbin təşkil və təklif etdiyi danışıqlar masasında məsələnin yekun həllinə - sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olur. Ukrayna ilə müharibədə üzləşdiyi çətinliklərin Rusiyanı zəiflətməsi onun komunikativ alətlərinin effektivliyini azaltsa da, Moskva Qafqazda var olmaqda, ənənəvi mövqelərini qorumaqa qərarlıdır.
Kollektiv Qərb isə Rusiyanın Cənubi Qafqazdan çıxarılmasında və bölgənin Avro-Atlantik məkana inteqrasiyasında maraqlıdır. Gürcüstan bu istiqamətdə müəyyən addımlar atsa da, hələlik Aİ və NATO üzvlüyündən uzaqdır. Ermənistan da Paşinyan hakimiyyətə gələndən bəri Qərbə doğru istiqamətlənməyə can atır.
Lakin sələflərinin rusiyayönümlü siyasəti İrəvanı KTMT, Aİİ kimi Moskva meqalayihələrinin bir parçasına çevirib. Ermənistanda Rusiyanın hərbi bazası da mövcuddur. Hələlik Qərb sadəcə Aİ müşahidə missiyası simasında Ermənistana gəlib çıxıb. Hələlik proses olduqca zəif gedir və necə nəticələnəcəyi bəlli deyil.
Nəzərə alsaq ki, Rusiyada Paşinyan hakimiyyətinin erməni toplumunda diskreditasiyasına və hakimiyyətini itirməsinə hesablanmış planın işə salınması ilə bağlı əlamətlər müşahidə olunur, onda Qərbin Ermənistanda möhkəmlənməsinin qarşısındakı əngəlin böyük olduğu iddiası mübahisə götürməyən reallıq kimi qəbul edilə bilər.
Azərbaycanın yanaşmasına gəldikdə, rəsmi Bakı uzun illər balanslaşdırılmış siyasət yürüdüb. Ancaq 2018-ci ildən başlayaraq rəsmi Bakı balans axtarmadığını və dövlət siyasətinin yeni müstəqil müstəviyə qədəm qoyduğunu bəyan edib. Heç şübhəsiz bütün bunlar daha çox müasir Azərbaycan dövlətçiliyin təməl prinsiplərinin Ulu öndər Heydər Əliyev ideyaları ilə möhkəmlənən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli maraqların qorunması ilə modernləşən ölkənin yeni tarixinin Zəfər salnaməsi ilə birgə təhlil olunmalıdır. Bu baxımdan, formalaşan yeni bazis modeli, yeni platforma, dünyanın və regionun gələcək təfərrüatlarında çox vacib yer alır. Milli Qurtuluşumuz günündə imzalanan Şuşa Bəyannaməsi yalnız Azərbaycan üçün deyil, region üçün də möhkəm sülhə yeni ideal perspektivlər açır.
Qoşulmama Hərəkatının ən aktiv üzvlərindən olan Azərbaycan nə Qərbə inteqrasiya xəttində, nə də Rusiyanın geopolitik layihələrində iştirak məsələsində öhdəlik doğuracaq addımlar atmayıb. Müstəqil siyasət yürüdüb. Doğrudur, Şərq Tərəfdaşlığı, NATO ilə sülhməramlı missiyalarda əməkdaşlıq, eləcə də Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində iştirak edilməsi kimi faktlar var, amma Bakı nə Gürcüstan qədər Qərbə, nə də Ermənistan qədər Rusiyaya yaxınlaşmayıb. Öz siyasi müstəqilliyini qoruyub saxlayıb.
Rusiyanın xüsusən yaşlı nəslə sovet nostalgiyası, Qərbin isə gəncliyə iqtisadi rifah və sosial-siyasi azadlıqlar vəd etməsinə qarşı İranın Qafqaza vəd edə biləcəyi nəsə - nə "parlaq keçmiş", nə də işıqlı gələcək var. Bu amil Tehranın Qafqaz siyasətinin ən özünəməxsus tərəfini təşkil edir. Buna görə də İran regionda, hətta siyasi baxımdan daha yaxın olduğu Ermənistanla belə strateji möhkəmlikdən uzaqdır.
Türkiyənin Qafqazla bağları olduqca güclü, əlaqələr olduqca dərin və köklüdür. Qardaş ölkəni Rusiya və İrandan fərqləndirən əsas cəhət Cənubi Qafqazın dövlətə malik olan hər 3 xalqı ilə tarixi münasibətlərə malik olmasıdır. Əvvəlcə onu qeyd edək ki, Qafqaza XVIII-XIX əsrlərdə gələn Rusiya regiona fərqli siyasi gücdür.
Türkiyə Azərbaycanla təsvirinə ehtiyac duyulmayan qardaşlıq münasibətlərinə malikdir, Gürcüstan üçün Qərbə açılan qapı və NATO üzvü olan dəyərli iqtisadi-siyasi müttəfiqdir. Ermənistanla Türkiyə arasında hər nə qədər kəskin münasibətlər olsa da, son illər normallaşma prosesi geniş vüsət alıb və proses davam edir. Paşinyan Türkiyəni Avropaya gedən yolda "baş keçid" kimi görür.
Rusiyanın Qafqaza gəlməsindən sonra yaranan problemlər və fransız inqilabından sonra gedən millətləşmə prosesi kontekstində Türkiyədə türklərə qarşı erməni iddialarını arırsa da, unutmaq olmaz ki, Osmanlı dövründə erməni tacirləri sülh içində alış-verişləri ilə məşğul olub, erməni təbəəsi dövlət idarələrində yüksək vəzifələr tutub, dini ayinlərini azad şəkildə icra ediblər.
Sonradan "milləti-sadiqə" ünvanına xilaf çıxan ermənilər Qərb imperiyalarının və Çar Rusiyasının fitnəsinə uyaraq Osmanlı dövlətinə - əslində o dövr üçün öz vətənlərinə xəyanət etsələr də, bu gün də Türkiyədəki erməni icması rahat şəkildə bərabərhüquqlu vətəndaş kimi yaşayır, öz dillərində məktəblərə, mətbuat orqanlarına, kilsələrə malikdir.
Yenidən Qarabağda təhlükəsizlik məsələsi kontekstində qlobal və regional güclərin oynadığı rola baxaq. Rusiya məsələnin həllini mümkün olduğu qədər yubatmağa çalışır. İran Azərbaycanın güclənəcəyi istənilən ssenarinin əleyhinədir. Qərb sülh müqaviləsindən çalışsa da onun ləngiməsində maraqlı görünür. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, sülhün məhz Azərbaycanın və Beynəlxalq hüququn tələblərinə uyğun reallaşmasının baş verməsi üçün əlindən gələni edir. Xalqımız dövlətçilik və milli birliyin qorunmasının, milli kimliyin təhlilinin yeni tarixi mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev həyata keçirdiyi xarici siyasət platformasında bütün tədbirlərin preambulasını məhz Qarabağın işğaldan azad edilməsindən sonra ədalətli sülhün imzalanması məsələsi dayanır. Hal-hazırda Ermənistan sərhəd boyu qoşunları cəmləyir. Bunun da səbəbləri sırasında Ermənistanın Azərbaycana məxsus kəndləri qaytarmaq istiqamətində vədləri yerinə yetirməməsindən qaynaqlanır. Onlar Azərbaycan tərəfinin öz tarixi ərazilərinı müharibə yolu ilə qaytarmasından narahatdırlar.Bu arada Rusiyanın Ermənistanda olan səfirinin münaqişənin bitmədiyinə dair fikri regionun yaxın gələcəyi üçün yaxşı nəsə vəd etmir. Üstəlik 6 aprel ABŞ, Avropa ittifaqı, Ermənistan görüşü rəsmi Yeravanın Rusiya üçün Cənubi Qafqazda açıq əks rol oynamsı məcburiyyətinı artıra bilər. Bu isə Ermənistanın Azərbaycanla sülh danışıqları vaxtını uzada bilər.
Azərbaycan Respublikasının prezidenti haqlı olaraq sülh danışıqları zamanı həm işğal dövrünün, həm müharibə dövrünün, həm də postmüharibə dövrünün reallıqlarının nəzərə alınacagını vurgulamışdır. Zənnimizcə, bu həm Ermənistan, həm onun havadarları, eyni zamanda Ermənistan siyasəti əleyhdarları üçün ən obyektiv mesajdır.
Kamran A. Behbudov, professor
Hüseyn Q. İbrahimov, dosent