Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

post-img

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub. AZƏRTAC “Turkmenportal” internet nəşrinə istinadla xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Türkmənistanın Ticarət-Sənaye Palatasının üzvlüyə qəbul edilməsi barədə qərar Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında qəbul edilib.

Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis edilib. Onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın ticarət-sənaye palataları daxildir. Macarıstan və Şimali Kipr Türk Respublikasının palataları bu qurumda müşahidəçi qismində iştirak edir.

Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir.

Dünya