"Bloomberg": Bayden müdafiə büdcəsini artırmaq istəyir

post-img

"Bloomberg" mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən müdafiə büdcəsini 2025-ci maliyyə ilində 1% artıraraq 849,8 milyard dollara çatdırmağı xahiş edəcək. Agentlik yazır ki, qeyd olunan məbləğ nəzərdə tutulan ilkin məbləğdən 10 milyard dollar azdır. Müdafiə xərclərini azaltmaq üçün Ağ ev "F-35" qırıcılarının alış həcmini də azaltmağı planlaşdırır.

"Bloomberg"in mənbələrinə görə, administrasiyanın tələb etdiyi 849,8 milyard dolların 167,5 milyard dollarının silah sistemlərinin alınmasına, daha 143,2 milyard dollarının isə tədqiqat və inkişafa yönəldilməsi təklif edilir. Əvvəllər müdafiə büdcəsindən bu məqsədlər üçün müvafiq olaraq 175,3 milyard və 145 milyard dollar vəsaitin ayrılacağı gözlənilirdi.

Agentliyin məlumatına görə, məhdud maliyyə səbəbindən Ağ Ev Pentaqonun "Lockheed Martin" hərbi-sənaye korporasiyasından almağı planlaşdırdığı "F-35" qırıcılarının sayını 83-dən 70-ə endirmək niyyətindədir. Prezident administrasiyası yeni maliyyə ilində ABŞ Hərbi Dəniz Qüvvələri üçün iki ədəd əvəzinə yalnız bir yeni "Virciniya" sinifli nüvə sualtı qayığı alacaq.

Eyni zamanda, "Bloomberg" qeyd edir ki, müdafiə büdcəsində planlaşdırılan azalmalara baxmayaraq, ABŞ hərbi xərclərin həcminə görə hələ də liderdir. Onların ardınca 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 1,67 trilyon yuana (230,6 milyard dollar) çatdıracaq Çin gəlir.

ABŞ administrasiyası ilə Konqres arasında keçən il bağlanmış saziş 2025 -ci maliyyə ilində (oktyabrın 1- dən başlayaraq) milli təhlükəsizlik xərclərinin 895,2 milyard dollardan çox olmayacağını nəzərdə tuturdu. Bu məbləğin böyük hissəsini-95%-i Pentaqon almalı idi.

ABŞ Konqresi hələ də 2024-cü maliyyə ili üçün büdcə layihəsi ilə bağlı razılığa gələ bilmir. Müzakirələr 2023-cü ilin sentyabrından davam edir. Konqresmenlər dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsi ilə bağlı qanun layihələrini dəfələrlə qəbul ediblər. Martın 7-də Nümayəndələr Palatası 2024-cü ilin sentyabr ayının sonuna qədər hökuməti 460 milyon dollar qismən maliyyələşdirmək üçün başqa bir qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.

S.ELAY

XQ 

Dünya