“Aspides” Yəmən husilərini susdura biləcəkmi?

post-img

Avropa İttifaqı Qırmızı dənizdə hərbi əməliyyata başlayır

Ötən ilin oktyabrından başlayaraq Yəmən husiləri Qəzza zolağında atəşkəs əldə etmək tələbi ilə Qırmızı və Ərəbistan dənizləri, Ədən və Oman körfəzlərində ticarət gəmilərinə saysız-hesabsız hücumlar edirlər. Bu il yanvarın 10-da BMT Təhlükəsizlik Şurası husilərin ticarət və kommersiya gəmilərinə hücumlarını pisləyən qətnamə qəbul edib. Lakin bu heç nəyi dəyişməyib.

Qırmızı dənizdən keçən bu ticarət dəhlizi dünya ticarəti üçün niyə bu qə­dər əhəmiyyətlidir və nə üçün Qərb dövlətləri bütün imkanları ilə husilərə qarşı sərt hərbi təzyiqlərə başlayıblar? 

Əvvəla, Qırmızı və Aralıq dənizləri­ni birləşdirən su yolundan qlobal ticarə­tin 10-15 faizi və konteyner daşımala­rının 30 faizi keçir. Bu, Asiya ilə Avropa arasında əsas ticarət yoludur. Cənubi Afrikadakı “Ümid burnu”nu dolanmaqla keçən alternativ daşıma yolu vaxtı 10-14 gün uzadır.

Müxtəlif agentliklərin verdiyi məlu­mata görə, hazırda ən azı 2300 gəmi husilərin Qırmızı dənizdəki hücumları­na məruz qalmamaq üçün uzun mə­safəli marşrutlardan istifadə edir. Bu isə bir çox şirkətlər, xüsusən də Avropa kompaniyaları tranzit vaxtının uzanma­sı səbəbindən yükdaşıma və sığorta xərclərini artırır. Belə vəziyyətdə şirkət­lər növbəti il üçün qazanc proqnozları­na yenidən baxmağa məcbur olur.

Digər tərəfdən, Qırmızı dənizdəki böhran səbəbindən çatdırılmada yara­nan fasilələrin bahalaşmaya və ərzaq­ların xarab olacağına gətirib çıxaracağı da istisna deyil. Doğrudur, bu vəziyyət qlobal inflyasiyanın yavaşlamasını dayandıra və ərzaq təchizatına təsir göstərə bilər. BVF-nin icraçı direktoru Kristalina Georgiyeva hesab edir ki, Qırmızı dənizdəki böhranın nəticələ­ri var, lakin onlar qlobal iqtisadi artım proqnozlarını əhəmiyyətli dərəcədə sarsıda biləcək miqyasda deyil. Onun sözlərinə görə, təsir daha çox lokal xa­rakter daşıyır.

Məlum olduğu kimi, husilərin Qır­mızı dənizdəki hərəkətlərinin qarşısını almaq üçün ABŞ və Böyük Britani­yanın hərbi hava qüvvələri artıq bir neçə dəfə Yəməndəki hərbi obyektləri bombardman ediblər. Müntəzəm hə­yata keçirilən bu aviazərbələr lazımı nəticəni vermədiyindən fevralın 19-da Avropa İttifaqının (Aİ) xarici işlər nazir­ləri Yəmən husilərinə qarşı əməliyyat keçirməklə bağlı yekun qərar qəbul ediblər. Beləliklə, Aİ Qırmızı dəniz­də “Eunavfor Aspides” adlı çoxmillətli hərbi-dəniz əməliyyatına başladığını elan edib. Qurumun həmin gün yaydığı kommünikedə deyilir ki, əməliyyat Qır­mızı dəniz və Fars körfəzində ticarət gəmilərinin azad hərəkətini bərpa et­mək və qorumaq məqsədi daşıyır. İran tərəfindən dəstəklənən husilər bu bey­nəlxalq ticarət dəhlizində hərəkət üçün ciddi təhlükə yaradırlar. 

Aİ-nin belə bir əməliyyata başla­yacağı gözlənilən idi, çünki Avropanın bir çox qabaqcıl şirkətləri və ticarət nəhəngləri bu əməliyyatın keçirilmə­sinə çağıran rəsmi müraciətlər edir­dilər. Məsələn, “Aspides” əməliyyatına başalamaq qərarı ərəfəsində qitənin pərakəndə satış nəhənglərindən olan “Eurocommerce” qrupu Aİ qurumlarını və üzv ölkələri artıq biznesə "böyük tə­sir" göstərən Qırmızı dəniz böhranı ilə mübarizə aparmağa çağırmışdı.

Birliyə daxil olan “Ahold Delhai­ze”, “Carrefour, Lidl, M&S” və “Tesco”, həmçinin “H&M”, “Inditex” və “Primark” pərakəndə satış şirkətləri adından çıxış edən “Eurocommerce”-in Aİ-yə ünvanladığı məktubda deyilir: "Daşıyı­cılar marşrutları dəyişmək məcburiyyə­tində qaldıqca, daha çox müəssisələr, nəticədə isə istehlakçılar əlavə xərclər ödəməli olacaqlar. Avropada isə onsuz da yaşayış xərcləri yüksəkdir".

Çin və Cənub-Şərqi Asiyadakı fab­riklərdən mal alan pərakəndə satıcılar gecikmələrlə və artan xərclərlə üzləşir və bu da yüksək ziyanla nəticələnir. Müraciətdə həmçinin yazılır: "Avropa­da inflyasiyanın daha uzun müddət art­mağa davam edəcəyi ilə bağlı qorxular artır, eyni zamanda pul sarıdan sıxın­tılar keçirən istehlakçılar ərzaq və ge­yimlərin qiymətlərinin enməyə başla­masını səbirsizliklə gözləyirlər".

“Eurocommerce” daha sonra bildi­rib: "Bizneslərə və qlobal təchizat zən­cirinə təsirin miqyasını nəzərə alaraq, biz Aİ institutlarını və üzv dövlətləri və­ziyyəti həll etmək üçün gücləndirilmiş və əlaqələndirilmiş səyləri davam etdir­məyə çağırırıq".

Ona görə də indi əməliyyata başla­yanda qrup kommersiya gəmilərini və dənizçiləri hücumlardan qorumaq üçün Aİ-nin həyata keçirdiyi “Aspides” hərbi əməliyyatını dəstəklədiyini bildirib. 

Qırmızı dənizdə ortaq hərbi əmə­liyyat qərarını şərh edən Aİ-nin Xarici Əlaqələr üzrə ali nümayəndəsi Josep Borrell deyib: “Əməliyyat Aİ və daha geniş beynəlxalq ictimaiyyətin xeyrinə olan kommersiya və təhlükəsizlik ma­raqlarının qorunmasında əsas rol oy­nayır”.

Aİ-nin yüksək səviyyəli diploma­tı “Aspides”in sırf müdafiə mandatına malik olduğunu söyləyib və qeyd edib ki, əməliyyat "minimal qüvvələrlə və yal­nız təhlükə olduqda” həyata keçiriləcək. “Missiyaya Birləşmiş Ştatlar və Britani­ya tərəfindən həyata keçirilən hücumlar kimi husilərə qarşı hər hansı hava zər­bələri endirmək daxil olmayacaq”.

Aİ Şurası əməliyyatın Bab əl-Mən­deb və Hörmüz boğazlarında, eləcə də Qırmızı dəniz, Ədən körfəzi, Ərəbis­tan dənizi, Oman və Fars körfəzlərinin beynəlxalq sularında əsas gəmiçilik marşrutları boyunca aparılacağını bil­dirib. Əməliyyat dənizdəki vəziyyətə dair məlumatlandırılma, gəmilərin mü­şayiəti və dənizdə mümkün çoxtərəfli hücumlardan qorunmanın təmin edil­məsini nəzərdə tutur.

Avropa Siyasəti Mərkəzinin eksper­ti Georq Rikeles əməliyyatla bağlı qə­naətini açıqlayaraq deyib: 

– Kommersiya yüklərinin və açıq ticarət dəhlizinin qorunması Avropanın əsas maraqlarına uyğundur. Qırmızı dənizdə gəmilər hücuma məruz qal­mağa başlayanda bəzi Avropa ölkələri ilə birlikdə ABŞ onları xilas etdi. He­sab edirəm ki, Aİ-nin orada olduğunu və hərbi əməliyyatlara qadir olduğunu göstərmək vacibdir. Bu, əlbəttə, müda­fiə missiyasıdır, lakin Avropanın köklü maraqlarına uyğundur.

Avropa Komissiyasının sədri Ursu­la fon der Lyayen də əməliyyatla bağlı münasibətini bildirib və X sosial media platformasında yazıb: "Böhrana cavab verməkdən əlavə, bu, Avropa maraqla­rımızı qorumaq üçün qitənin dənizdəki mövcudluğunu gücləndirmək istiqamə­tində bir addımdır".

Qədim yunan dilindən tərcümədə “qalxan” mənasını verən “Aspides” adlı əməliyyatda Fransa, İtaliya, Almaniya və Belçika iştirak etmək niyyətində ol­duqlarını bildiriblər. Məlumat verilir ki, İtaliya, Fransa və Hollandiya freqatları mümkün hərbi əməliyyatlar bölgəsinə daha əvvəl gəliblər

Yunanıstan Larisse şəhərində yer­ləşəcək əməliyyat qərargahı üçün ko­manda heyəti verəcək. “Eunavfor As­pides” missiyanın komandiri Vasilios Qriparis, əməliyyatlarda iştirak edən qüvvələrin başçısı Stefano Konstan­tino təyin edilib. Aİ-nin açıqlamasında qeyd olunur ki, “Eunavfor Aspides” əməliyyatını Aİ-nin 2008-ci ildən So­mali quldurlarına qarşı əməliyyatlara rəhbərlik edən “Atlanta” dəniz missiya­sı koordinasiya edəcək.

“dw.com” yazır ki, Almaniya tərəf­dən “Aspides” əməliyyatında göyərtə­sində 240 əsgər olan “Hesse” freqatı iştirak edəcək. Zenit-raket kompleksləri ilə təchiz edilmiş 143 metr uzunluğun­da gəmi fevralın 8-də Vilhelmşaven­dən Aralıq dənizinə göndərilib. Bundan əlavə, Almaniya Yunanıstanın Larisse şəhərindəki əməliyyat qərargahını şəx­si heyət və helikopterlərlə təmin etmək niyyətindədir.

Lakin bununla belə, Aİ-nin “Aspides” missiyasının bir illik mandatı Almaniya Bundestaqı tərəfindən təsdiqlənməli­dir. Səsvermənin cümə günü, fevralın 23-də keçirilməsi gözlənilir.

İlqar RÜSTƏMOV
XQ



Dünya