Almaniya Müdafiə Nazirliyi hesab edir ki, Ukrayna daha çox əsgəri səfərbər etməli olacaq

post-img

Almaniya Müdafiə Nazirliyi yanında Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri Kristian Freydinq deyib ki, Ukrayna hakimiyyəti itkilər də daxil olmaqla, daha çox əsgəri səfərbər etməyə məcbur olacaq. O etiraf edib ki, sursat təchizatı Qərbin dəstəyində “mərkəzi məsələ olaraq qalır”.

RND-yə müsahibəsində cənab Freydinq Ukraynanın hərbi personalının sayını artırmalı olub-olmayacağı ilə bağlı suala müsbət cavab verib. “Ukrayna, şübhəsiz ki, itkilərin sayına görə daha çox əsgəri səfərbər etməli olacaq. Amma həm də ona görə ki, 24 aydır cəbhədə olan qoşunların yenilənməsinə ehtiyac var”, - deyə hərbi idarənin nümayəndəsi izah edib.

Kristian Freydinq deyib ki, bu il Almaniya, yəqin ki, Kiyevə artilleriya sursatının tədarükünü iki dəfədən çox artıra biləcək. “Ukraynanın istifadə etdiyi sistemlərin əksəriyyəti öz effektivliyinə görə indi Rusiyadan daha dəqiqdir: "Bu həm də onların daha az sursata ehtiyacı olması deməkdir”.

Cənab Freydinq Ukrayna prezidenti Vladimir Zelenski ilə ölkənin silahlı qüvvələrinin ali baş komandanı Valeri Zalujnı arasında fikir ayrılığı barədə mediada yayılan xəbərlərə də münasibət bildirib. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi əmindir ki, “uzunmüddətli perspektivdə bunun heç bir faydası olmayacaq”. “Biz pərdə arxasına baxa bilmirik. Amma biz təbii ki, hərbi və siyasi rəhbərlik arasında bu müzakirələri izləyirik. Və təbii ki, biz arzu edirik ki, Ukrayna öz birliyini qoruyub saxlasın”.

S.ELAY

XQ

Dünya