Avropada vahid ordu çağırışları

post-img

“Köhnə qitə”də nədən qorxurlar?

Rusiyanın Ukraynada başladığı və hələ də davam edən hərbi əməliyyatlar “Köh­nə qitə”ni necə qorxudubsa, bəzi dövlət və hökumət adamları Avropanın vahid ordusunun yaradılmasının zəruri olduğunu yenidən dilə gətirməyə başlayıb­lar. Görünür, onlar qitənin şərqində gündən-günə şiddətlənən ağır silahlı mü­naqişənin Qərbə doğru genişlənə biləcəyindən ehtiyat edirlər.

Bugünlərdə İtaliya baş nazirinin müavini, eyni zamanda ölkənin xarici işlər naziri vəzifəsində çalışan Antonio Tayani bəyan edib ki, Avropa İttifaqı (Aİ) qitədə sülhün qorunması və mü­naqişələrin qarşısının alınması üçün vahid orduya malik olmalıdır. Siyasətçi fikrini belə bir arqumentlə əsaslandırıb ki, hazırda planetin bir çox bölgələrin­də kəskin silahlı münaqişələr baş verir və heç cür səngimək bilmir, müharibə alovu istənilən regionu öz ağuşuna ala bilər. 

İtaliyalı nazir Romada nəşr olunan nüfuzlu “La Stampa” qəzetinə müsahi­bəsində sonra bu sözləri deyibdir: “Ha­zırda ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü dövlətlərin mövcudluğu şəraitində Aİ-nin öz ordusu olmalıdır ki, həm özü­nün etibarlı təhlükəsizliyini təmin etsin, həm də digər münaqişələrin qarşısının alınmasında iştirak edə bilsin”. 

Xatırladaq ki, A.Tayani “Forza İtalia”­nın (“İrəli, İtaliya”) Partiyasının sədridir və bu vəzifəyə mərhum baş nazir Silvio Berluskoninin vəfatından sonra seçilib. Partiyanın yeni sədri hələlik Berluskoni qədər populyar deyil, lakin siyasi sələfi­nin daxili və xarici siyasət xəttini davam etdirmək əzmindədir. 

Bir çox təhlilçilər bu qənaətdədirlər ki, A.Tayani Avropanın siyasi istebliş­menti arasında “bərk gedən oğlan” kimi tanınmaq üçün belə kəskin bəyanatlar səsləndirir. Yeri gəlmişkən, S.Berluskoni özü də Avropa ordusu ideyasını müdafiə edən siyasətçilərdən idi və ara-sıra bu mövzuda rəsmi Vaşinqtonda qıcıq yara­dan belə fikirlər səsləndirirdi.

İtaliya xarici işlər nazirinin sözüge­dən bəyanatı rəsmi Moskvanın diqqətin­dən yayınmayıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “Teleqram” kanalında italiyalı siyasətçiyə “məsləhət görüb” ki, yaxşı olardı ki, o, ilk növbədə İtaliya icti­maiyyətini ciddi narahat edən qeyri-leqal miqrantlarla bağlı problemlərin həlli ilə məşğul olsun. 

M.Zaxarova hesab edir ki, Avropanın silahlı qüvvələri hazırkı reallıqlar zəmi­nində normal fəaliyyət göstərə bilməz. Ona görə ki, son illər Aİ-nin qlobal enerji qiymətlərindən asılılığı yaranıb. Buna görə də vahid Avropa ordusu yaransa belə, heç də müstəqil olmayacaq, çünki okeanın o tayından gələn “əmr və tapşı­rıqlarla” işləməyə məcbur olacaq. 

Bəllidir ki, Qərb dünyasını birləşdir­mək ideyasına xidmət edən Şimali At­lantizim siyasətinin Avropanın özündə zaman-zaman əleyhdarları olub. Xüsu­silə Fransa özünü Vaşinqton və London­dan asılı olmayan, qitənin siyasi və hər­bi lideri rolunda görmək niyyətindədir. Amma Parisin bu sahədəki real imkan­ları onun iddialarından qat-qat aşağıdır. 

Həqiqətən, bu gün dünya sürətlə hərbiləşir. Avropa dövlətlərinin iqtisadi ittifaqı missiyasını öz üzərinə götürən Aİ hazırda həm də vahid orduya sahib olmaqla, əslində dünya siyasətinin apa­rıcı güc mərkəzlərindən birinə çevrilmək niyyətini ortaya qoyur. İtaliyanın baş dip­lomatının bəyanatını da məhz bu kon­tekstdən izah etmək olar.

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun professoru, siyasi şərhçi

Vahid Avropa ordusu anlayışı mücərrəd ideyadır və hələlik real görünmür. Hazırda belə bir ordu yoxdur və qitə dövlətlərinin təh­lükəsizliyini faktiki olaraq NATO təmin edir. ABŞ Avropada özünün hərbi mövcudluğuna zərər vuran paralel qurumun yaradılmasına heç cür razılıq verməz. 

Yeri gəlmişkən, bu ideya ilk dəfə 1950-ci ildə Fransa tərəfindən ortaya atılıb. Bu Parisin “daxili al­tılıq”, yəni Belçika, Fransa, İtaliya, Lüksemburq, Niderland və Alma­niya Federativ Respublikasının (AFR) silahlı qüvvələrinin birləşdi­rilməsi üçün atılan və heç zaman reallaşmayan bir təşəbbüsüdür. 

O dönəmdə İkinci Dünya mü­haribəsindən qalib çıxmış Sovet İttifaqı Almaniya Demokratik Res­publikasını (ADR) sürətlə silah­landırırdı. Bu, təbii ki, Qərbi adek­vat addımlar atmağa vadar edirdi. Beləcə, 1949-cu ildə Şimali Atlanti­ka Alyansı – NATO yaradıldı. 1952-ci ildə qardaş Türkiyə bu hərbi itti­faqa qoşuldu. 

“Soyuq müharibə” dönəmində Qərbi Avropa dövlətləri öz təhlükə­sizliklərini NATO-ya etibar etmiş­dilər. 1991-ci ildə keçmiş ittifaqın dağılması və “Kommunizmin süqu­tu”ndan sonra NATO Şərqi Avropa­ya doğru genişlənməyə başladı. Bu, Rusiya dövlətinin siyasi və rəhbərlərində dərin narazılıq hissi yaratdı. 

Bu gün Ukraynada baş verən dağıdıcı proseslər geniş anlamda Qərb-Rusiya qarşıdurmasından qaynaqlanır. Yeri gəlmişkən, Bir­ləşmiş Ştatların 45-ci prezidenti D.Tramp Şimali Atlantizim ideyası­na şübhə ilə yanaşırdı və NATO-ya üzv dövlətlərdən hərbi xərclərini kəskin artırmağı tələb edirdi. 

Prezident Bayden Trampdan fərqli olaraq, ənənəvi siyasətə qayıtdı. Ağ evin məqsədi özünün əsas rəqibi hesab etdiyi Çinə qar­şı mübarizədə Avropanı yanında görməkdir. Təbii ki, Vaşinqton Avropanın vahid silahlı qüvvələ­rinin yaradılması ideyasını nəin­ki dəstəkləmir, hətta bu barədə təşəbbüsləri mənasız adlandırır. 

Qeyd etmək lazımdır ki, Avstra­liya, Kanada, Yeni Zelandiya, Bir­ləşmiş Krallıq və ABŞ-ın AUKUS siyasi-hərbi təşkilatında birləşməsi Çini məhdudlaşdırmaq məqsədi daşısa da, Avropada Şimali Atlan­tizm ideyasına müəyyən inamsızlıq yaradıb. Məhz bu amil vahid Avro­pa ordusunun yaradılması məsələ­sini yenidən gündəmə gətirmişdir.

M.HACIXANLI
XQ



Dünya