ABŞ və Böyük Britaniya silahlı qüvvələrinin Yəmənə qarşı “cəza bombardmanı” çox ehtimal ki, Qərbin gözlədiyi nəticəni verməyəcək. Regionda və xüsusilə Qırmızı dənizdə baş verən hadisələr dünyanın tədricən Yaxın Şərqdə daha bir münaqişə ocağının alovlanmasına yaxınlaşdığını göstərir. Qərbdə, xüsusilə “cəza bombardmanı” gerçəkləşdirən ABŞ və İngiltərənin özündə belə, politoloqlar baş verən hadisələr haqqında heç də nikbin şərhlər və proqnozlar vermirlər.
“Haaretz” nəşrinə bu barədə şərhlər verən ABŞ ordusunun Yəməndəki keçmiş hərbi attaşesi Adam Klementsi və USAİD-ın keçmiş əməkdaşı Devid Harden qeyd edirlər ki, bombardmanlar ABŞ-ın xeyrinə olmayacaq, əksinə, İranın, Rusiyanın və Çinin regiondakı mövqeyini daha da gücləndirəcək. Onların açıqlamasına görə, üsyançı husilər Birləşmiş Ştatları müharibənin didişdirdiyi və talan etdiyi bu kasıb ölkənin 80-dən çox obyektinə hava zərbələri endirməyə məcbur etməklə uğur qazanıblar.
Yeri gəlmişkən, ötən həftə şənbə günü gecə ABŞ silahlı qüvvələrinə məxsus “Carney” hərbi gəmisindən husilərin paytaxtı Sana yaxınlığındakı Əd-Deleymi aviasiya bazasındakı radiolokasiya stansiyasına zərbə endirib. Bunu ABŞ-ın hərbi qüvvələrinin Mərkəzi komandanlığı özü açıqlayıb. O bildirib ki, dənizdən qanadlı “Tomaqavk” raketləri ilə endirilən “zərbələr 12 yanvarda həyata keçirilən hava hücumunun davamıdır və husilərin gəmilərə hücum imkanlarını məhdudlaşdırmaq məqsədi güdür”. Buradan bir daha görünür ki, koalisiya üzvlərinin hamısı olmasa da, ABŞ administrasiyası öz planlarından əl çəkmək fikrindən uzaqdır və Vaşinqtonda yeni müharibə ocağının alovlandırılmasında maraqlı olan qüvvələr çoxdur.
Bu ərəfədə ABŞ ordusunun bir çox yüksək çinli zabitləri “qırğı” yanaşması nümayiş etdirərək Bayden administrasiyasını Qırmızı dənizdə azad gəmiçiliyi husilərin hücumlarından qorumaq üçün onlara daha ölümcül zərbələr endirməyə çağırmışdılar. Adlarını çəkdiyimiz şərhçilər isə belə hesab edirlər ki, “Co Bayden belə bir tələyə düşməmək üçün ehtiyatlı davranmalı idi. ABŞ-ın Yəmənə qarşı hava müharibəsi strateji və çox baha başa gələcək bir səhv idi və çətin ki, husilər bu zərbələrdən sonra sakit dursunlar. Lakin bu səhv həm regional, həm də qlobal səviyyədə müharibənin sıçrayış riskini artırır. İndi Yaxın Şərqdəki regional müharibədən çıxış yolu yoxdur”.
Avropa İttifaqı (Aİ) ölkələrinin husilərə qarşı müharibədə koalisiya qüvvələrinə qoşulmaları ilə bağlı ikili yanaşması da amerikalı politoloqların bu mövqedə haqlı olduqlarını göstərir. Əslində, ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələrindən sonra Aİ-yə ticarət gəmilərinə hücum edən “dəniz quldurlarına” qarşı cavab tədbirləri görmək lazım idi. Lakin Almaniya, Niderland və Danimarka Amerikanın “cəza bombardmanı”nı dəstəkləsələr də, Fransa, İtaliya və İspaniya bu haqda birgə bəyanata imza atmadılar və bildirdilər ki, bu, münaqişənin daha da genişlənməsinə aparır. “The Daily Telegraph” nəşri yazır ki, Paris husilərin hücumlarını qəti şəkildə pisləyir və Fransa gəmilərinin müdafiəsi üçün dəniz akvatoriyasında fəal reydlər keçirir. Lakin İranla münasibətlərini qorumaq üçün “cəza tədbirləri”ndə iştirak etməkdən imtina edir. Makron təkid edir ki, Aİ “starteji muxtariyyət” siyasəti aparmalı və Vaşinqtondan asılı olmayan geosiyasi güc nümayiş etdirməlidir.
“The Daily Telegraph” Aİ ölkələri arasındakı bu fərqli yanaşmanı Almaniya Kansleri Olaf Şoltsla Fransa prezidenti Emmanuel Makron arasında olan gərgin münasibətlərlə əlaqələndirir və bildirir ki, bu ziddiyyət Qırmızı dənizdə gəmiçiliyə əngəl olan husilərə qarşı vahid cəbhədən çıxış etməklə bağlı Aİ-nin müsbət qərar qəbul etməsinə mane olur. Rəsmi Berlin ticarət gəmilərinin silahlı husilərin hücumuna məruz qaldığı Qırmızı dənizin Hörmüz boğazında Avropanın dəniz missiyasını genişləndirilməsini təkid edir. Hətta Almaniya missiyanı gücləndirmək üçün özünün “Hessen” freqat gəmisini göndərməyi təklif etsə də, hələ ki, missiyaya başçılıq edən Paris bu planı heç cür şərh etmir.
Aİ ən nüfuzlu ölkələrinin fikir ayrılığı təkcə bu məsələ ilə bitmir. Enerji subsidiyaları, Çindən elektrik avtomobillərinin gətirilməsi, müdafiə siyasəti və Ukrayna münaqişəsi məsələlərində də bu ölkələr arasında anlaşma əldə etmək problemə çevrilib. Bazar ertəsi Şolts Avropa ölkələrini Kiyevə lazımi səviyyədə hərbi yardım göstərmədiklərinə görə kəskin tənqid edib. Onun fikirləri əslində Berlinə nisbətdə Ukraynaya daha az silah göndərən Parisin ünvanına üstüörtülü narazılığın ifadəsidir.
“Cəza bombardmanı”ndan sonra koalisiyanın gözlədiyi nəticələr özünü göstərmir. Hələ ki, üsyankar husilər xüsusilə İsraillə bağlı olan ticarət gəmilərinə hücum etməkdən çəkinmirlər. Bu da onu göstərir ki, münaqişə daha aktiv fazaya keçə bilər.
“The Guardian” nəşri xəbər verir ki, koalisiyanın Yəmənə hava hücumları və bombardmanları Qərbi uzunmüddətli münaqişəyə çəkə bilər. Bu da dünya iqtisadiyyatına çox ciddi təsir göstərəcək. Dünya Bankının ekspertləri xəbərdarlıq edirlər ki, beynəlxalq ticarətdə dayanmalar elektrik enerjisinin qiymətinin sürətli artmasına, iqtisadi yüksəlişin ləngiməsinə, yüksək inflyasiyaya və geosiyasi gərginliyə səbəb ola bilər.
Dünya Bankı qlobal iqtisadiyyatın perspektivləri haqqında son hesabatında göstərir ki, Yaxın Şərqdəki və Ukraynadakı böhranlar real təhlükə daşıyır. Ekspertlər yazırlar: “Münaqişənin genişlənməsi enerji resurslarının qiymətinin artmasına gətirib çıxaracaq ki, bu da dünya iqtisadiyyatının fəallığı və inflyasiya üçün ciddi fəsadlar doğuracaq”. Onlar həmçinin vurğulayırlar ki, “inflyasiyanın qarşısını alan real faiz dərəcələri, Çində iqtisadi artımın azalması, ticarətin sonrakı fraqmentasiyası üçün maliyyə stressləri və iqlim dəyişilikləri ilə bağlı fəlakətlər mövcuddur”.
Hesabatda həmçinin göstərilir ki, bu yaxınlarda Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar artıq əsas dəniz ticarət yollarında daşımalar zəncirini ciddi şəkildə pozub və bu da şəbəkələrə çatdırılacaq malların tədarükündə fasilələrin yaranmasına və inflyasiya riskinin artmasına səbəb ola bilər. Yaxın Şərqdə münaqişənin genişlənməsi baş verəcəyi halda enerji daşıyıcılarının tədarükü də həmçinin pozula bilər ki, bu da elektrik enerjisi qiymətlərinin kəskin sıçrayışına gətirib çıxaracaq. Nəticədə digər xammalların qiymətləri də qalxacaq, həmçinin geosiyasi və iqtisadi gərginlik kəskinləşəcək, bu da investisiyaların həcminin azalmasına və iqtisadi yüksəlişin tempinin aşağı düşməsinə vəsilə olacaq.
Yeri gəlmişkən ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı belə bir addım atması Vaşinqton və Londondakı hakimiyyət dairələrini də çox ciddi narahat etməyə başlayıb. Çünki bu hadisələr, həqiqətən, iqtisadiyyatın bərpa olunması perspektivinin üstündən xətt çəkir, Bayden və Sunakın yenidən öz postlarına seçilməsi şanslarını sürətlə azaldır.
Bundan sonra Britaniyanın Baş nazirini ölkə vətəndaşlarının Yaxın Şərqdə uzunmüddətli sülh planı haqqında ciddi sualları gözləyirsə, Birləşmiş Ştatların liderini isə öz partiyasından olan yaxın tərəfdaşları belə növbəti Yaxın Şərq münaqişəsinə yol açdığına görə artıq kəskin tənqid edirlər. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə, əlbəttə, zaman və bir də Qərb liderlərinin sonrakı addımları müəyyən edəcək.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ