Yeni Dehli münasibətlərə sadiq qalacaq

post-img

Rusiya Prezidenti Vladimir Putin ötən çərşənbə günü Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarı ilə görüşündə bildirib ki, iki ölkə arasındakı münasibətlərin inkişafından razı qaldığını bildirib. Hindli nazir də əmin edib ki, Hindistan Qərb alyanslarına cəlb edilməsinə imkan verməyəcək. O, xüsusilə vurğulayıb ki, Yeni Dehlini Rusiyadan qoparmaq cəhdləri perspektivsizdir. Amma analitiklər əmindirlər ki, Hindistanın Moskvaya görə Qərblə münasibətlərini təhlükəyə atmaq fikri yoxdur.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jais­hankar Rusiyaya səfərinin üçüncü günündə Rusiya pre­zidenti Vladimir Putin və xari­ci işlər naziri Sergey Lavrovla görüşlər keçirib. İki liderin iki ildən bir səfər etməsi ənənəsi pozulsa da, nazirin səfərinin müddəti və gündəliyi Hin­distan və Rusiyanın strateji əlaqələri bölüşməyə davam etdiyini göstərir. Hindistanın xarici işlər naziri ilə görüşdə Rusiya prezidenti qeyd edib ki, Moskva və Yeni Dehli “bü­tövlükdə yaxşı işlər görürlər”: “Sizi Moskvada görməyə çox şadam. Mən bilirəm ki, həm hökumətlərarası komissiya, həm də xarici işlər nazirlikləri vasitəsilə ölkəmizlə qarşılıq­lı əlaqə yaratmaq üçün sizin böyük proqramınız, böyük işiniz var. Hamısı sizin əliniz­dədir”.

Bundan əlavə, Prezident Putin Hindistanın baş naziri Narendra Modinin Ukrayna böhranının həlli istiqamətində səylərini qeyd edib. “Biz Baş nazir Modinin mövqeyini bili­rik. Onun bu barədə, mürək­kəb proseslərə, o cümlədən “qaynar nöqtə”lərə və Ukray­nadakı vəziyyətə münasibə­ti ilə bağlı mövqe dəfələrlər danışmışıq. Mən dəfələrlə ona bu münaqişə ilə bağlı və­ziyyət barədə məlumat ver­mişəm. Onun bu problemi sülh yolu ilə həll etmək üçün hər şeyi etmək istəyindən xə­bərim var. İndi biz sizinlə bu barədə daha ətraflı danışa­cağıq və sizə əlavə məlumat verəcəyik”, – deyə Rusiya prezidenti vurğulayıb. 

Hindli nazir daha əvvəl Rusiyanın xarici işlər nazi­ri Sergey Lavrovla görüşüb. Hindistanlı həmkarı ilə gö­rüşdə Lavrov deyib ki, “lider­lər bizim münasibətlərimizin bütün səviyyələri üçün ton müəyyən edirlər”: “Bu gün bizim çox vacib bir vəzifəmiz var – liderlərimizin qərarları­nın daha da effektiv şəkildə həyata keçirilməsi üçün daha nə edilməsi lazım olduğunu görmək”. Lavrov BMT ilə bağ­lı iki ölkənin mövqelərinin ox­şarlığını, onun nizamnamə­sinə “bütövlükdə və qarşılıqlı əlaqədə” hörmət etdiyini qeyd edib. Ayrı-ayrılıqda BRİKS, ŞƏT və G20 dövlətləri ara­sında dialoqdan bəhs edilib. “Ölkələr hamı üçün açıq və ədalətli beynəlxalq siyasi və iqtisadi sistemin qurulma­sında maraqlıdır”, – Lavrov əlavə edib.

Dekabrın 26-da hindli nazir Rusiyanın sənaye və ticarət naziri Denis Manturov ilə görüşüb. Sonuncu qeyd edib ki, iki ölkə arasında ti­carət dövriyyəsi sürətlə ar­tır: “Şübhə yoxdur ki, bu ilin sonunda Rusiya–Hindistan ticarət dövriyyəsi 50 milyard ABŞ dolları kimi mühüm mərhələni keçərək yeni tarixi maksimumu təyin edəcək”. Rusiya KİV-I yazır ki, 2023-cü ilin 10 ayı ərzində Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq tarixi maksimum 54,7 milyard dollar təşkil edib. Bu dövrdə Hindistan Rusiya mal­larının idxalını iki dəfə – 51,4 milyard dollara, Rusiyaya öz məhsullarının tədarükünü isə 1,4 dəfə artıraraq 3,3 milyard dollara çatdırıb. 

Rusiya politoloqları de­yirlər ki, Rusiya ilə Hindistan arasında əlaqələr və təmas­lar son dərəcə vacibdir. Belə ki, Hindistanın beynəlxalq aləmdə “əhəmiyyətli, nü­fuzlu, sürətlə inkişaf edən və müstəqil ölkə kimi profili, hətta Yeni Dehli bunun üçün xüsusi səy göstərməsə də, getdikcə artır”. Şimal qon­şumzuda düşünürlər ki, Hin­distan–Rusiya münasibətləri, əslində, qeyri-Qərb dünyası­nın sütunlarından biridir, ona görə də Yeni Dehli ilə Mosk­vanın dostluq və tərəfdaşlıq münasibətləri qurması təəc­cüblü deyil. 

Bununla belə, bu müna­sibətlərdə ziddiyyətlərin də olduğu vurğulanır. Hindistan Rusiya ilə Çinin yaxınlaş­masından ehtiyatlanır. Öz növbəsində Rusiya Şərqdə qarşılıqlı fəaliyyətini şaxələn­dirməlidir və bu səbəbdən Hindistanı Çinlə əməkdaşlı­ğın onun ziyanına olmayaca­ğına inandırmaq çox vacibdir. Onu da qeyd etmək lazımdır ki, Hindistan öz maraqlarını Rusiyanın xeyrinə qurban vermək niyyətində deyil və ona görə də onunla və Qərb­lə əməkdaşlıq arasında yaxşı balans yarada bilər. Bundan əlavə, Rusiya ilə Hindistan arasında iqtisadi əməkdaş­lığın genişlənməsinə və ti­carət dövriyyəsinin artması­na baxmayaraq, sonuncunu anti-Qərb ölkəsi kimi qəbul etmək də mübaliğə olardı. Rusiyalı ekspertlərin sözlə­rinə görə, Hindistan çoxvek­torlu siyasət yürüdür və bu kurs həm BRIKS və ŞƏT-də iştirak, həm də anti-Çin Qərb bloklarına üzvlük imkanı verir. 

S.ELAY
XQ

Dünya